18 Yanvar 2025
Ölkə futbolu

Qurban Qurbanov: “Ola bilsin ki, “Helsinki” sürpriz etsin”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 2-ci turunun “Turan Tovuz”la (3:0) görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, o, ilk öncə oyun haqqında danışıb:

“Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun oldu. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Layiqincə yerinə yetirdilər. Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. Qarşıdakı günlərdə, oyunlarda idman formalarını geri qaytaracaqlar. “Turan Tovuz”un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı oldu”.

– Sizcə, oyunu daha gec saata təyin etmək olmazdı? Onsuzda, “Sumqayıt” – “Sabah” görüşü təxirə salınmışdı…

– Çox isti idi, futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik. Məncə, müraciət etsəydik, yox deməzdilər. Xeyirlisi.

– Avropa Liqasındakı rəqibiniz olan “Helsinki”ni Bakıda gördünüz, daha yaxından tanıdınız. Onların zəif və güclü tərəfləri barədə nə deyərdiz?

– Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. “Helsinki” yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. “Helsinki”ni Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla “Helsinki”yə qarşı Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, “Helsinki” sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq.

– “Qarabağ” növbəti transferi reallaşdıracaq?

– Ola bilər. Bir neçə oyunçu var ki, danışıqlar gedir. Mövqeyə gəlincə, istənilən yer olması mümkündür.

– Çili mətbuat yazmışdı ki, “Qarabağ” “Kolo-Kolo”nun vingeri ilə maraqlanır. Doğrudur?

– Çox oyunçu ilə maraqlanmışıq. Ola bilər ki, transfer siyahımızda onun da adı var. Amma dəqiq məlumat verə bilmərəm.

– “Helsinki” ilə cavab görüşünün süni örtüklü meydanda keçirilməsi komandaya mənfi təsir edəcək?

– Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43