Misli Premyer Liqasında III tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.
Oyundan öncə 3 xala malik 5-6-cı yerləri bölüşən komandaların duelindən “köhlən atlar” qalib ayrılıb – 2:1. Görüşdə Ağdam təmsilçisinin qollarını Adama Diakabi və son dəqiqədə Abdullah Zubir vurub. Naxçıvan klubunda isə Kuzmanoviç adını tabloya yazdıra bilib.
Bu nəticənin ardından “Qarabağ” 6 xalla dördüncü, “Araz Naxçıvan”sa 3 xalla 6 altıncı sırada qərarlaşıb.
Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olub. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -1:1. “Sabah”ı hesabda önə keçirən qolu Lebiç vurubsa, İrazabal avtoqolla tablonu bərabərləşdirib.
Rəqibindən bir oyun az keçirən meydan sahiblərinin 4, “ağ-qaralar”ın isə aktivində 2 xal var.
Azərbaycan Premyer Liqası
III tur
20 avqust (bazar)
18:00. “Qarabağ” – “Araz-Naxçıvan” 2:1
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”
20:00. “Sabah” – “Neftçi” 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Turan Tovuz” səfərdə “Kəpəz”i 2:0, “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə üstələyib.

