Mövsümə uğursuz başlayan “Qəbələ” komandası üç oyunda meydandan xalsız ayrılıb. Ötən mövsüm avrokuboklara vəsiqə qazanan heyəti qoruya bilməyən “qırmızı-qaralar” yeni futbolçuların komandaya uyğunlaşmasını gözləyir.
Baş məşqçi Elmar Baxşıyev uğursuz nəticələrə rəğmən komandasından ümidli olsa da, hələlik meydandakı oyun ürəkaçan deyil.
Yeni futbolçuların adaptasiya problemi yaşaması başa düşülən olsa da, uzun illərdir “Qəbələ” formasını geyinən oyunçular da əvvəlki formasından uzaqdır. Belə vəziyyətlərdə komandanı uğursuz zolaqdan çıxarmalı olan isimlər hələlik özlərinə gələ bilməyib.
Elmar Baxşıyevin güvəndiyi futbolçuların başında gəldiyi Ülvi İsgəndərov da onlardan biridir. Təcrübəli mütəxəssisin “joker”i 3 oyunda heç nə edə bilməməsi ilə yanaşı, “Araz Naxçıvan” görüşündə komandanı azlıqda buraxıb “Sumqayıt” matçını tribunadan izlədi. “Qəbələ”nin hazırkı durumunu dəyərləndirməsi üçün 26 yaşlı hücumçuya bir neçə sual ünvanladıq:
– 3 oyundan sonra xal qazana bilməmisiniz. Belə başlanğıc gözləyirdiniz?
Çətin mövsüm keçəcəyi bəlli idi. Heyət tamamən yenilənib, yeni futbolçular gəlib. Təbii ki, belə başlanğıc gözləməzdik. Heç bir komanda mövsümə belə start vermək istəməz. Ancaq bu üç oyunu unutmalıyıq. Toparlanıb qarşıdakı görüşlərdə xal və ya xallar qazanmalıyıq.

– Səncə, hazırda “Qəbələ”nin əsas problemi nədir?
Məncə, ən birinci problem psixoloji durumumuzdur. Bunu mütləq düzəltməliyik. Dediyim kimi, bu vəziyyətdən özümüz çıxmalıyıq. Komanda olmaq lazımdır. Əgər bir ola bilsək, nəticələr də düzələcək. Hələ mövsüm yeni başlayıb. “Qəbələ” hər zaman iddialı klub olub, yenə də belə davam edəcək”.
– Evdəki “Omoniya” oyununda komanda çox yaxşı təsir bağışladı. Ancaq ondan sonra həmin “Qəbələ”ni görmədik…
Ciddi dəyişən bir şey yoxdur. Eyni komandayıq. Sadəcə, psixoloji düşkünlük var. Ən qısa vaxtda bunu aradan qaldırmalayıq. Qarşıda uzun yol var. Düzdü, bütün matçlar çətin keçir. Amma biz artıq yetərincə xal itirmişik. Bir-iki qələbə qazana bilsək, komanda özünə gələcək.
– “Araz Naxıvan”la oyunda qırmızı vərəqə alaraq meydandan qovuldun. Belə bir çətin dönəmdə komandanı tək qoymaq nə dərəcə doğrudur?
– Anlıq əsəbdən olan bir şey idi. Etməməliydim. Ancaq oldu, zamanı geriyə qaytarmaq mümkün deyil. Bu, karyeramdakı ilk “qırmızı” idi. Futbolda belə hallar olur. Bəzən hisslərini cilovlaya bilmirsən. Başımıza belə şeylər gəlməsə, nəyin düz, nəyin səhv olduğunu anlaya bilmərik.

– Sanki komandada lider çatışmazlığı var..
Futbol tək adamın üzərində qurulan oyun deyil. Yəni bir nəfərin yaxşı olması ilə vəziyyət düzəlməz. Belə hallardan ancaq komanda şəklində mübarizə aparmaqla çıxmaq olar. Hamı bir-birnə kömək etməli və kollektiv şəkildə vəziyyəti düzəltməyə çalışmalıyıq. Bir nəfərin lider olmasındansa, komanda şəklində lider olmaq daha yaxşıdır.
– Bu mövsüm də “Qəbələ”nin avrokubok iddiası davam edir?
Təbii ki, Avropada olmaq istəyirik, bunu həmişə arzulayırıq. Amma ilk öncə özümüzə gəlməliyik. Toparlanıb oyundan-oyuna inkişaf etmək lazımdır. Avrokubok iddiası barədə isə sonra danışmaq olar.
-Qarşıda sizi “Neftçi” ilə çətin oyun gözləyir. Xal qazana biləcəksiniz?
Rəqibdən asılı olmayaraq bütün görüşlərə xal hədəfi ilə çıxırıq. Əlimizdən gələni edib qələbə qazanmalıyıq. Toparlanmağımız üçün qalibiyyət önəmlidir. 3 xalı qazanıb uğursuz zolaqdan qurtulmaq istəyirik.
Həsən Quluzadə

