11 İyul 2026
Ölkə futbolu

Qərb klubunda ən böyük problem bu tarixdə həll olunacaq

Misli Premyer Liqasının IV turunda “Turan Tovuz” doğma meydanda “Səbail” klubu ilə üz-üzə gələcək. Bir müddətdir Tovuz şəhər stadionunda davam edən təmir işləri ilə əlaqədər oyunlarını səfərdə keçirən Qərb bölgəsi təmsilçisi nəhayət ki, cari mövsüm azarkeşləri önündə ilk matçına çıxacaq.

Yeni mövsümdən işıqlandırma sistemi qurlaşdırılan arenada görüşlərin axşam saatlarında keçirilməsi planlaşdırılır. Artıq bu istiqamətdə davam edən işlər yekunlaşdığı üçün komanda doğma meydanına qayıda bilib. 

Ancaq maraqlıdır ki,  “Turan Tovuz” – “Səbail” matçı saat 17:00-a təyin edilib. İşıqlandırma sisteminin olmasına rəğmən oyunun bu saatda keçirilməsinin səbəbini öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq:

“Qarşılaşmanın Tovuzda keçirilməsi üçün heç bir problem yoxdur. Demək olar ki, bütün məsələlər həllini tapıb. Oyunun 17:00-a təyin olunmasına gəlincə, stadionda işıq dirəkləri qurlaşdırılsa da, projektor üçün sifariş olunan lampalar hələlik gəlməyib. Böyük ehtimal gələn ayın ortasına qədər məsələ həllini tapacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43