19 İyul 2026
Ölkə futbolu

“Qarabağ”la oyunda epizodlara baxanda üstün tərəf biz idik”

“Oyuna çox yaxşı hazırlaşmışdıq. “Qarabağ”ın necə komanda olduğu bəllidir. Onlara qarşı minimum səhv etməlisən. Əks təqdirdə rəqibdə sizi cəzalandıracaq oyunçular çoxdur. Müdafiədə, mərkəzdə diqqətli olmalıydıq. Əlimizdən gələni edib, nəticəni qazandıq. Epizodlara baxanda üstün tərəf biz idik. Düzdür, görüş 15-20 dəqiqə “Qarabağ”ın nəzarətində keçsə də, sonradan onlarla başa-baş mübarizə apardıq. Qol epizodlarımız da var idi. Çox şükür ki, axırda hesabı bərabərləşdirdik. Bizim üçün “Qarabağ”dan bir xal almaq yaxşı nəticədir”.

Bu sözləri idmanxeber.az saytına “Kəpəz”in futbolçusu Əli Səmədov Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Kəpəz” (1:1) maçtı barədə danışarkən deyib. O, geridə qalan 4 oyunda Gəncə klubunun pis təsir bağışlamadığını bildirib:

“Neftçi”yə qarşı da yaxşı oyun göstərmişdik. “Turan Tovuz”la görüşdə də üstün tərəf biz olduq. Həmin matçın nəticəsinə bəxtsizlik deyərdim. Biz epizodlardan istifadə edə bilmədik, onlar isə yararlandı. Yalnız “Zirə” matçında qələbəyə layiq olduğumuzu demək olmaz. Ancaq digər oyunlarda komanda yaxşı çıxış etdi. Heç kim “Qarabağ”la görüşdə bizdən belə bir performans gözləməzdi. Ancaq biz inanmışdıq. Həmin qarşılaşmada xal qazanmaqla hamı ilə oynaya biləcəyimizi göstərdik.

Komandanın potensialı var. Heyətdə yeni futbolçular mövcuddur. Müəyyən bir dönəm lazımdır ki, hər şey qaydasına düşsün. “Qarabağ”la oyunda bir neçə aparıcı oyunçularımız yox idi. Transferlərin komandaya adaptasiya olmasını gözləməliyik. Biz oyundan-oyuna daha da artırmağa çalışacağıq. Dediyim kimi, yaxşı heyətimiz və güclü komandamız var. İnanıram ki, Premyer Liqada qalacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43