18 İyul 2026
Ölkə futbolu

Gəncəli iş adamlarının “Kəpəz”ə olan biganəliyi

XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini general Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır.

Gəncə şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir. 1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlanır. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirir. Beləliklə, Gəncə şəhəri Cavad xanın öndərliyində ölkədə qəhrəmanlıq hekayəsi yazır.

Bir çoxumuzun oxuduğu, bildiyi bu tarixi hadisə ötən gün Gəncədəki “Kəpəz” – “Araz Naxçıvan” görüşündən sonra yadıma düşür. Minlərlə gəncəli azarkeşin boynunu büküb, əsəbi və kədərli şəkildə sınıq-sökük stadionu tərk etdikdən sonra. Sözsüz ki, futbolda qələbələr olduğu kimi, məğlubiyyətlər də var. Hansısa matçda uduzmaq dünyanın sonu deyil. Amma “Kəpəz”in düşdüyü bu vəziyyət hansısa bir məğlubiyyətin gətirdiyi hüzn deyildi. Bir növ çarəsizlik və ən pisi təslim olmaq idi…

Canı, övladı bahasına şəhəri qoruyan Cavad xanın şəhəri bu səfər düşmənə yox, gəncəli iş adamların biganəliyinə təslim olmuşdu. Qəhrəman şəhərin adını daşıyan ölkənin ikinci böyük şəhərinə yaxın duran tapılmır. Tovuzlu, naxçıvanlı, şamaxılı, imişlili komandasına sahib çıxır, ürəyini/pulunu ortaya qoyur, amma gəncəlilər “Kəpəz”dən uzaq qaçır. Bu barədə danışmır, əlini cibinə atmır.

Biz heç kimlə şərikli pul qazanmamışıq, kiminsə də malında gözümüz yoxdur. Sadəcə, maraqlı gəlir. Ki, Cavad xanın şəhər üçün qəhrəmanlıq hekayəsi yazması Gəncədən və gəncəlilərdən milyonlar qazanan biznesmenlərə niyə ilham vermir? Görəsən, qılınc oynadan qəhramanın əlini tərpətməyən nəvələri bu barədə niyə düşünmür?

Hansısa bir şəxslə, rəhbərlə, məşqçi ilə ədavət aparmaq da, kimisə bəyənməmək də olar. Amma Gəncə adını təmsil edən “Kəpəz”i atmaq necə? O da olar?! Olmaz!

Futbolun İnkişaf Fondu (FİF) “Kəpəz” üçün başlatdığı “100K” layihəsi üçün bugünə olunan iadələr 30 min manatı keçmir. Hansıki cəmi 100 min manatliq layihədi. Yerli iş adami üçün qəpik-quruş deyə biləcəyimiz bir rəqəm… Hardadı sinəsinə vurub öyünən yerli iş adamları? Ölkənin istər özəl, istərsə də dövlət strukturlarında kifayət qədər gəncəlilər təmsil olunurlar. Klubun əzilməsi, yarımmilyonluq şəhərin yeganə təmsilçisinin acınacaqlı durumda olması niyə gəncəli iş adamlarını narahat etmir? Nəyi və ya kimi gözləyirlər?

“Kəpəz” Azəbaycan futbolunun tarixi deyil, özüdür. Azərbaycan futbolu Gəncədir. İndi bu şəhəri xilas edəcək bir qəhrəman lazımdır. Adı ilə, ürəyi ilə, pulu ilə. Xan qılıncıyla düşməni, Nizami sözüylə dünyanı titrətmişdi. Əminəm ki, onlar bu gün sağ olsaydılar güclərini bu səfər də “Kəpəz” üçün sərf edərdilər. Sırf bu amil belə bu kluba yiyələnməyə, ona qucaq açmağa dəyər.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43