11 İyul 2026
Ölkə futbolu

“Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz”

“Neftçi”nin futbolçusu Kenni Sayef “glodniwiedzy.pl” saytına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ölkəmizdə braziliyalı futbolçuların çoxluq təşkil etdiyini söyləyib:

“Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanıb. Düzdür, liqa o qədər də maraqlı hesab edilmir. Müqaviləmin müddəti başa çatırdı və mənə maraqlı idman layihəsi təklif olunurdu. Ona görə də yoldaşıma dedim ki, gəl cəhd edək. Etiraf edim ki, azərbaycanlılar futbolun təbliği üçün çox səy göstərdilər. Xüsusən də AVRO-2020-nin oyunlarına ev sahibliyi etməklə. Burada özümü yaxşı hiss edirəm. Azərbaycan müsəlman ölkəsidir, amma biz Belçikadakı kimi yaşayırıq. Onlar çox açıqdırlar”.

Sayef Belçikanın AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəyi matça da toxunub:

“Qəribədir, bir ildən çoxdur burada oynayıram, amma “Dalğa Arena” haqqında heç vaxt eşitməmişəm. Onlar 6000 yeri doldurmaqla daha yaxşı abu-hava yaratmaq istəyirlər. Beynəlxalq oyunlar insanları stadiona cəlb edir, milli çempionat matçları isə yox. Həmkarlarım stadionun pis vəziyyətdə olduğunu deyirlər. Bu, qonaq komandanı narahat edəcək”.

İki ölkə futbolunu müqayisə edən Sayef fərqin böyük olduğunu vurğulayıb: “Azərbaycanla Belçika arasında müqayisə aparmaq olmaz. Böyük səviyyə fərqi var. Amma deyə bilərəm ki, onlar Belçika ilə oynamaq üçün həyəcanlıdırlar. Əllərindən gələni edəcəklər. 100 nəfərdən soruşsanız ki, kim qalib gələcək, hamısı Belçikanın adını çəkəcək. Amma futbolda hər zaman diqqətli olmaq lazımdır. Çünki Azərbaycan millisində yaxşı futbolçular var. Komandamda çıxış edən kapitan Emin Mahmudovu xüsusi tanıyıram. Yığmanın 8 üzvü legionerdir, biri İsveçrədə, biri Türkiyədə oynayır. Ancaq onları yaxşı tanımıram”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43