Serbiyanın paytaxtı Belqradda keçirlən dünya çempionatında sərbəst güləş üzrə yarışa yekun vuruldu. Millimiz turniri cəmi iki medalla tamamladı. İki gümüş qazanmağı bacaran yığmamız 66 xalla 5-ci oldu. 6 olimpiya çəkisindən sadəcə birindən Olimpiadaya vəsiqə qazandıq.
Turnirdən öncə millimizdən gözləntilər böyük olsa da, nəticə fiasko oldu. Millimizin baş məşqçisi Xetaq Qozyumov yarışdan öncə iddialı danışırdı, ancaq vəzifəsinin öhdəsindən gələ bilmədi.
Maraqlıdır ki, yığmada hər bir şərait yaradılmasına rəğmən fiasko ilə nəticələnən yarışın cavabdehliyini kim daşıyacaq? Ayda 10 min dollar (17 min manat) maaş alan Qozyumov görəsən, ona tapşırılan işin məsuliyyətini dərk edir? Və ya bu nəticəni göstərmək üçün ümumiyyətlə, Qozyumova ehtiyac var idimi? Bu gün ölkəmizdə çalışan yerli məşqçilər belə bu nəticəni göstərə bilərdilər. Halbuki özümüzünkülərə cəmi 2-3 min manat maaş rəva görülür.
Milliləşdirilmiş bu adamlar vaxtı ilə Azərbaycan güləşinə hansısa töhvəni verə bilər. Amma şərt deyil ki, ömür boyu buradan asılı qalmalıdırlar. Əgər yerli məşqçilərimizdən fərqlənmirlərsə, onlardan dəfələrlə çox maaşa burada işləmələrinə ehtiyac yoxdur.
İdmanxeber.az

