“Sabah”ın baş məşqçisi Murad Musayevin “Kəpəz” oyunu sonrası açıqlaması müzakirələrə səbəb olub. Belə ki, rusiyalı mütəxəssis rəqibin vaxt aparmasından şikayətlənib. Buna örnək kimi isə ötən mövsüm Premyer Liqanı tərk edən “Şamaxı”nı göstərib.
Musayev açıqlamasında “Şamaxı”nın da keçən il oyunlarda çox vaxt apardığını və bu səbəbdən də Premyer Liqanı tərk etdiyini bildirib.
Məsələ ilə bağlı bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli ilə əlaqə saxladıq. Azərbaycanlı baş məşqçi İdmanxeber.az saytına açıqlamasında rusiyalı həmkarının iddialarına belə cavab verdi:
“Murad Musayevin açıqlamasını oxumuşam, təəssüflə qarşıladım. Artıq neçənci dəfədir ki, xal itirdiyi oyunlardan sonra bizim adımızı çəkir. Yəqin ki, uğursuz nəticəyə görə diqqəti dağıtmaq istəyir. Ola bilsin ötən mövsüm bizlə oyunlarda itirdiyi xallara görə hələ də hirsli qalıb. Keçən il “Şamaxı” ilə son oyunda “Sabah” futbolçuları da kifayət qədər vaxt aparmışdı. Oyunçulara belə bir tapşırıq verildiyindən söhbət belə gedə bilməz.
Ötən mövsüm əksər baş məşqçilər mətbuat konfranslarında “Şamaxı”nın ölkə çempionatına rəng qatdığını bildirirdi. Hətta mövsümün son oyununda Şahin Diniyev paltardəyişmə otağımıza gələrək, belə bir komandanın olduğuna görə bizə təşəkkür etdi. Məncə, bu mövzu haqqında geniş danışmağa ehtiyac yoxdu, Musayevə gələcək oyunlarda uğurlar arzulayıram”.
Həsən Quluzadə

