“Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. Bu görüşün əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Zenit” oyunu barəsində danışarkən deyib. O, daha sonra belə davam edib:
“Milli komandalarda bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma biz bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz-Naxçıvan”la oyuna tam heyətlə yanaşmaq istəyərdim”.
O, Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində İsveçə böyük hesabla qalib gəlməsinə (3:0) və futbolçusu Emin Mahmudovun bu oyunda dubl etməsinə də toxunub:
“Azərbaycan millisinin İsveçlə oyununa baxdım, çünki orada futbolçularım oynayır. Emin, Höcət və Eddini izlədim. Ümumiyyətlə, hər şey yaxşı idi. Emin Mahmudovun qollarına görə sevindim. Ümid edirəm ki, o, “Neftçi” üçün də qol vurmağa başlayacaq”.
“Neftçi” – “Zenit” görüşü bu gün saat 21:00-da başlayacaq.

