27 Dekabr 2024
Ölkə futbolu

“Bizim sözümüz kişi sözüdü” – “Kəpəz”dən uzaqlaşdırılan məşqçi

Bu yaxınlarda “Kəpəz” U-8 komandasının baş məşqçisi İntiqam Səmədov işindən azad olunub. O, Gəncə Futbol Akademiyasının yeni koordinatoru Vasif Vəliyev tərəfindən klubdan uzaqlaşdırılıb.

İntiqam Səmədov uzun illərdir Gəncə futboluna xidmət edir. O, eyni zamanda “sarı-göylər”də çıxış edən Əli Səmədovun da əmisidir. Hadisənin atrdından redaksiyamızla əlaqə saxlayan İntiqam bəy olub-bitənləri belə anlatdı:

“Ömrümün yarısından çoxunu geridə qoymuşam. Bu günə qədər belə bir hadisə yaşamamışdım. Bu yaşıma kimi heç kim mənə qapını göstərib, işdən çıxarmayıb. Çünki hər yerdə vicdanla, təmiz iş görməyə çalışmışam. Bütün ömrümü Azərbaycana, Gəncə futboluna həsr etmişəm. Ancaq bu gün heç bir səbəb olmadan “Kəpəz”dəki işimdən çıxarıldım. Akademiyanın koordinatoru Vasif Vəliyev məni işdən azad elədi. Mən bilmək istəyirəm ki, niyə işdən çıxmışam? Hansı qüsurum olub? Nə günah işlətmişəm? Məşqə gecikmişəmmi? Məsuliyyətsizlik etmişəmi? Bunların heç biri olmayıb.

Ümumiyyətlə, Vasif Vəliyev vəzifəyə təyin olunandan ancaq özünü göstərməklə məşğuldur. Heç bir dəfə mənimlə, məşqlərlə, uşaqların durumu ilə maraqlanmayıb. Futbola yanaşmamdan, iş prinsipimdən xəbəri yoxdur. Elə gələn gündən əlinə siyahı alıb məşqçilərin üstünə gedir. Belə ki, mən “Kəpəz” U-8 komandası ilə yanaşı, UGİM-də də çalışıram, U-12 komandasına rəhbərlik edirəm. Məndən oradakı istedadlı 5-6 uşağı istədi. Onları “Kəpəz”ə gətirməyimi tələb etdi.  Mən də razılaşdım. Ancaq ona dedim ki, bu uşaqların üzərində böyük əməyim var. Əgər onları kluba verirəmsə, özümdə “Kəpəz”də həmin yaş qrupuna məşqçilik etmək istəyirəm. Bu sözüm Vasif Vəliyevin xoşuna gəlmədi. Deyir ki, sən indidən mənə şərt qoyursan. Elə bu səbəbdən də məni işimdən azad elədi. Halbuki mən orada çalışıb, ömürlük qalası deyildim. Sadəcə, özüm üçün həmin uşaqlarla – U-13 komandasıyla işləmək yeni bir həvəs, motivasiya olardı. Başqa heç bir tələbim olmayıb. Nə maaş söhbəti etmişəm, nə də ayrı bir şikayətim olub. Sadəcə, o uşaqlarla çalışmaq mənə zövq verirdi. Nəticə qazanmasaydım, istefa verib gedərdim də. Bu elə firkiləşib ki, mən uşaqları pul qarşılığında başqa kluba satmaq istəyirəm. Halbuki bizdə elə bir şey ola bilməz. Bizim sözümüz kişi sözüdür. 

Vasif Vəliyev özü kimdir? Bu günə qədər Gəncə futboluna hansı xeyiri dəyib? Neçə illərdir “Qarabağ”da məşqçi kimi çalışıb, nə bacarıb? Bu ildən akademiyaya təyin edilib. Heç bir iş prinsipi, sistemi yoxdur. Elə qapı-qapı düşüb uşaq axtarır. Bu gün mənim yetirmələrim komandanın bütün yaş qruplarında var. Amma o, bir nəfər belə uşaq ortaya çıxarmayıb. Əgər Vasif bəyin mənimlə qəsdi-qərəzliyi varsa, zərbəni Gəncə futboluna vurmamalıdır. Biz hamımız eyni amal üçün xidmət etməliyik. Məqsədimiz “Kəpəz”in, Gəncə futbolunun irəli getməsi olmalıdır. Şəxsi münasibətləri kənara qoyub, Azərbaycan futboluna xidmət etmək lazım idi. Ancaq Vasif Vəliyev bunu bacarmadı. 

Bu hadisə fevralın əvvəlində olub. Allahın işinə baxın ki, həmin günlərdə “Kəpəz”in əvezediciləri “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdi. Qolları isə mənim əlimdə böyümüş Cavd Kərimovla Nemət Musayev vurub. Bu uşaqlar 8 yaşlarından mənimlə olublar. Əvəzedici heyətlə meydana çıxan 11 futbolçudan 6-sı bizim yetirməmizdir. Deməli, biz “Kəpəz” üçün də çalışmışıq, ortaya iş qoymuşuq. İndi isə ömür boyu Gəncə futboluna xidmət edən bir adama qapı göstərilir, hədə-qorxu gəlinir. Mən bununla barışmaq istəmirəm”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43