“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev İdmanxeber.az saytına müsahibə verib.
Millimizin sabiq üzvü çempionluq uğrunda çətin Qəbələ səfərindəki qələbədən və digər məsələlərdən danışıb.
– Çempionluq yolunda ən yaxın rəqibiniz “Qəbələ” səfərindən qələbə ilə döndünüz. Oyun necə keçdi sizin üçün?
“Qəbələ” ilə aramızda 1 xallıq fərq var idi. Bu matça mövsümün oyunu demək olardı. Bütün komandaya bunu demişdim ki, xal itirsək bizə baha başa gələr. Heç-heçəni də gözə almışdıq. Səfərdən xalla dönmək vacib idi. Qarşıda 8 oyun var. Bu vacib qələbədən sonra çempionluğa bir addım da yaxınlaşdıq. Çünki qızıl medalları qazanmaq futbolçular üçün ciddi motivasiyadı. Bütün komanda bunun fərqindədi. Belə baxanda, qarşımıza çempionluq məqsədi qoyulmayıb. Əsas istəyimiz futbolçu yetişdirməkdir.
– Bu gün əlinizdə Premyer Liqa səviyyəsində oyunçular var?
Təbii ki. Uşaların yaxşı potensialı var. Davamlı öz üzərlərində işləyirlər. Həmişə nəzarət edirik. Görünən odur ki, bəziləri növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Əgər çempion ola bilsək, bu da onlara əlavə müsbət təsir edəcək.
– Azərbaycan futbolunda hər zaman limit məsələsi də müzakirə olunur. Sizcə, necə olmalıdı? Ləğv etməliyik, yoxsa qalmalıdı?
Əgər limiti ləğv etsək, yerli uşaqları itirəcəyik. Yəni yaxşı legionerlər gələcəksə, mən razı. Amma azərbaycanlı gənc futbolçulardan istifadə etməliyik. Mən “Neftçi”də oynamışam. Burada həmişə istedadlı yerli oyunçular olub. Bu gün 5-6 futbolçumuz var ki, əsas komandaya namizəddir. Onları qorumalı, şans verməliyik.
– Sizdən fərqli olaraq “Neftçi”nin əsas komandasında işlər yaxşı getmir. Bu barədə nə deyə bilərsiniz?
Açığı, mən bir “Neftçi”li olaraq komandanı ancaq yuxarılarda görmək istəyirik. Burada çempionluq yaşamışan. Bizim dövrdə hər şey tamam başqa idi. İndi də ikinci komanda olaraq “Neftçi”nin daima qələbələrinin olmasını arzulayırıq. Əsas komanda barədə çox danışmaq istəmirəm. Çünki oranın öz məşqçilər heyəti var. Orada nə baş verirsə, onlar daha yaxşı bilər.
– Sizin oynadığınız dövrdə “Qarabağ” mart ayından çempion ola bilərdi?
Açığı, bu, mənə də yaxşı təsir eləmədi. Tək “Neftçi”li olaraq yox, bir futbolsevərlər kimi. Premyer Liqada rəqabət yaratmaq lazımdır. Heç bir komanda belə rahat çempion olmamalıdı. “Neftçi”də oynadığım vaxtlarda sona 3 tur qalmış biz də çempion olmuşuq. Amma belə olmayıb. Bu konkret rəqabətin olmamasını göstərir. Biz əsas komandanın yuxarılarda olmasını istəyirik. Ümid edək ki, yaxın vaxtlarda düzələcək.
– Millinizin sabiq üzvü kimi yığmanın durumu barədə nə deyə bilərsən? Yəqin ki, komandamızın Monqolustan və Bolqarıstana qarşı görüşlərini izlədin…
Əvvəlcə onu deyim ki, bizim dövrümüzdə rəqiblər daha güclü olurdu. İndiki Bolqarıstanla o vaxtkı komanda arasında çox fərq var. Monqolustanı isə ümumiyyətlə, heç vaxt görməmişik (gülür). Millimizin heyəti gəncdir. Yeni komandadır, bizim dövrlə müqayisə etmək istəməzdim. Çünki bizim vaxtdakı oyunçuların keyfiyyəti çox başqa idi. Hər mövqedə seçilən adlar vardı. Bu gün Monqolustana çətinliklə qol vururuq. Bunlar sırf məşqçi işidir. Epizodlar analiz edilibb, oyunçulara göstərilməlidir. Futbolçular dərk etməlidir ki, performanslarıyla klubda da, yığmada da seçilməlidir. Arif Əsədov iki oyunluq komandanın başına gəlmişdi. Məncə, işinin öhdəsindən gəldi. Amma yaxşı olardı ki, millinin baş məşqçisi vaxtında bəlli olsun və öz sistemini formalaşdırsın.
– Hazırkı milliyə tarixin ən yaxşısı deyirlər…
O məsələlərə girmək istəmirəm. Çünki mübahisəli mövzudur. Mənim dövrümdə də, ondan əvvəl də çox yaxşı oyunçular olub. Təssəvvür edin ki, çempionatda 12-13 qol vurub yığmaya düşə bilmirdim. Çünki millidə rəqabət güclü idi. Amma bu gün belə deyil. 2-3 oyun özünü göstərdin bəs edir, milliyə dəvət alırsan.
Həsən Quluzadə

