“Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, “Sumqayıt” mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz Naxçıvan” qələbəsi (4:1) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
–Qələbə qazansaz da, sanki narazı idiz. Hansı məqamlar sizi qane etmədi?
– Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.
– Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə alması psixolojidir, yoxsa istəkdəndir? Sanki əsas heyətdəki yerini də Toral Bayramova uduzub…
– Hərəsindən bir az var. İstəklidir. Ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Torala uduzub deyəndə, bir tərəfdən yaxşı haldır. İki oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Kartlara gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq.
“Ludoqorets” haqda hansı fikirdəsiz?
– Canlı baxmışam oyunlarına. İki gün öncə onların oyununda idim. Dünən gəlmişəm. 9 ildir arda-arda qruplarda oynayırlar. “Ludoqorets”in böyük təcrübəsi var. Çox bacarıqlı, fərdi ustalığı olan oyunçulara sahibdir. Çox sürətli oyun oynayırlar, hücumu yaxşı tamamlayırlar. Ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu öz yerində, fərdi və təkətək mübarizələrdə diqqətli oynamalıyıq. Bu, çox vacibdir. Əks-hücumların qarşısını almaq da vacibdir. Buna hazır olmalıyıq. Məşqçi də hiss olunur ki, çox tələb edir bu oyunu. Bir neçə kombinasiyaları var, bundan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc srəf edək. Taktiki mübarizə də gedə bilər. Çox hazır olmalıyıq.