“Düşündüyümüz elementlər var idi, toplanışda komanda bizə onu göstərirdi. Bu gün “Qarabağ” bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha oturuşmuş komanda görəcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Qarabağ” məğlubiyyəti (1:4) danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Zaur Axundovun açıqlaması üzərinizdə təzyiq yaradır?
– Bu gün o açıqlama yox, “Qarabağ” təzyiq göstərirdi. Onların təzyiqindən çıxa bilmədik. Bura özüm gəlməmişəm, Zaur Axundovun təşəbbüsü ilə buradayam. Futbol həyatıdır. İşimizə davam edirik. Üzərimizə düşəni edirik. Gələcəkdə nə olacaq, zaman göstərəcək.
– Kuryoz qol futbolçularınıza psixoloji təsir etdi?
– Bu cür səhvlərdən heç kəs sığortalanmayıb. Tərlan Əhmədli inamlı qapıçıdır. Qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Əlbəttə ki, qol da təsir etdi. İkinci qol da rekaşetdən alındı. “Qarabağ”a qarşı oyunu dəyişmək çətindir. Komanda pozitivdir, sağlamdır. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı “Araz-Naxçıvan” görəcəyik.