14 Noyabr 2024
Ölkə futbolu

Riskli təyinata sözardı

“Səbail”in iki mövsümdü ən böyük problemi baş məşqçi idi. Şahin Diniyevin təyin olunduğu gün yanlış olduğunu qeyd etmiş və klubun yaxın zamanda səhv etdiyini anlayacağını bildirmişdik. Qərarın səhv olduğu elə ötən mövsüm də göründü. Sadəcə bir-iki tur davam edən avrokubok havası rəhbərliyin yalnışda israr etməsinə səbəb oldu. Və bu, “Səbail”ə baha başa gəldi. “Dənizçilər” bu gün oyun olaraq haqq edib, heyət olaraq layiq olmadıqları mövqeni tutublar. Bakı klubu hazırda Premyer Liqanın sonlarında elitanı tərk etmək qorxusu ilə yaşayır. Gözlənilən və bir o qədər də haqq edilmiş stressli günlər davam edir. 

Bu gün yeni səhifə açıldı. Cavid Hüseynov komandaya baş məşqçi təyin edildi. Bəs hər şey düzələcəkmi? Cavabı çətin olan suallardandadı. Cavid bəy istedadlı və Premyer Liqa təcrübəsi olan baş məşqçidi. Təcrübəsinin uğurlu və ya uğursuz olması sonrakı məsələdi. Bəli, Cavid bəyin  “Şamaxı”sı iki mövsüm öncə elitanı tərk etdi. Ancaq sırf yerlilərdən ibarət komanda ilə bundan artıq mümkün olmadığını Azərbaycan futbolunda olan hər kəs bilir. Hətta buna qarşı çıxanlar da. 

Hazırda “Səbail” turnir cədvəlində 9-cudur. Komanda yalnız oyun olaraq yox, elə psixoloji olaraq da yaxşı durumda deyil. Bütün məşqçilər, futbol adamları bilir ki, istənilən komandanı sondan yuxarı qaldırmaq çox çətindi. Bunun üçün yaxşı məşqçi olmaq bəs etmir, həm də hər tərəfli təcrübəyə sahib olmalısan. Sırf bu vəziyyətlərdə yaxşı motivasiyaya, komandanı inandırmağa və futbolçularla münasibətə qədər ən xırda detala diqqət edilməlidi. Açıq danışsaq, Hüseynovun yerli futbolçular üzərində müəyyən çəkisi var. Bu səbəbdən də heyətə təqdim edilən andan komandaya az-çox nüfuzlu birinin gəldiyini legionerlər də hiss edəcək. Bu, ilk müsbət amildi. Amma istənilən halda “Səbail” risk etdi. İndiki vəziyyətdə mövcud durumlarda uğur qazanmış təcrübəli yerli mütəxəssislərə yox, gənc çalışdırıcıya üstünlük vermək Premyer Liqadakı hədəflə  “qumar oynamaq”dı.

Əgər “dəniçzilər” mövsümə Cavid Hüseynovla başlasaydı, komandanın uğurlu olub-olmamasında şanslar 50-50-yə idisə, indi bu rəqəmlər dəyişkəndi. Qısacası, “Səbail” üçün adrenalinli günlər bundan sonra başlayır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43