18 Noyabr 2024
Ölkə futbolu

Adil Şükürov: “Milli komanda meydanda “başsız atlıya” bənzəyirdi”

“Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov İdmanxeber.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis millinin nəticələrindən və ölkə futbolundakı ümumi vəziyyətdən danışıb

– Estoniya oyununda hamı qələbə gözləyirdi. Ancaq olmadı. Oyunu necə şərh edirsiniz? Sizcə qələbə üçün nə çatmadı?

Estoniya ilə oyun geridönüş ola biləcək görüş idi. Amma Fernandu Santuş hamını təəccübləndirdi. Sistemi dəyişərək 2 dayaq yarımmüdafiəçi ilə oyuna başlaması Estoniya millisindən lazımından çox çəkindiyindən irəli gəlirdi. Əvvəllər oynadığı kimi 3 mərkəz müdafiəçisilə başlayaraq, qarşılarında 1 dayaq yarımmüdafiəçini saxlamaqla hücumda daha aqressiv ola bilərdik. Son vaxtlar millidə çatışmayan qol idi ki, bu halda komanda qol vura bilmədi.

Milli barədə tənqid olunan məsələlərdən biri də oyunçularda milli ruhun olmamasıdı. Sanki məğlubiyyətlərə öyrəşmişik…

Komandada lider olmalıdır. Bu oyuna isə milli lidersiz çıxmışdı. Santuşun gəlişinə qədər komandada Emin Mahmudov lider kimi qəbul olunurdu və qismən adam bunun öhdəsindən gəlirdi. Məlum İsveçlə oyundan sonra sanki hamı Eminin üstündən xətt çəkdi. Amma unutmayaq ki, Mahmudov milli komandalar tarixinin ən məhsuldar oyunçusu olan Qurban Qurbanovu bir qolla geridə qoyur. Bəlkə də Santuş özü həm meydanda, həm də texniki zonada lider olmaq istədi. Lakin bunu meydanda etmək hələki ona nəsib olmayıb. Açıq desəm, milli komanda meydanda “başsız atlıya” bənzəyirdi. Santuşun çalışdırdığı Portuqaliya millisində liderlik uğrunda mübarizə gedirdi. Orada Kriştiano Ranaldo, Kuarejma kimi futbolçular vardı. Yadınızdadırsa, hətta bu futbolçular arasında mübahisə də düşmüşdü və Santuş Ranoldonu üstün tutaraq Kuarejmanı ehtiyatda saxladı. Bu gün bizim millidə lider olsaydı, Estoniya ilə oyunda heç Santuşa böyük ölçüdə ehtiyac olmazdı. Futbolçular özləri yığışıb bu oyunda lazım olan nəticəni qazana bilərdilər.

 – İndiki vəziyyətdə AÇ-2028 üçün hədəf qoymaq nə dərəcə realdı?

Biz ümid etməliyik. Oyundan öncə demişdim ki, Estoniya ilə görüş bizim çempionatın və futbolçuların dünya futbolundakı yerini müəyyənləşdirəcək.

– Bir çox mütəxəssis millinin hazırkı heyətinin elə bu səviyyədə olduğunu düşünür. Siz nə düşünürsünüz?

Canni De Byazinin dönəmində hər kəs bu millini Azərbaycanın tarixinin ən yaxşı yığması kimi qeyd edirdi. Yəni hələ heç nə bitməyib, hər şey dəyişə bilər. Sadəcə çempionatımızın səviyyəsi artmalıdır, yerli futbolçular inkişaf etməlidirlər. Mən “Kəpəz”də çalışarkən “Qarabağ”a 6:1 məğlub olduqdan sonra demişdim ki, çempionatın 4-cü dövrəsi başlamamış bir komandanın çempion olması yaxşı bir şey deyil. Çempionatda rəqabət olmalıdır ki, futbolçular inkişaf etsin.

– Qarşıda çətin İsveç oyunu var. Artıq D Liqasındayıq deyə bilərik?

İndi İsveç matçı barədə danışmaq çətindi. Əvvəldə qeyd etdiyim kimi, hər kəs inkişaf etməlidir. İnsan İnkişaf etməyin hərisi olmalıdır. Ancaq sözdə deməklə və yaxud legionerlərin kölgəsində gizlənməklə yox. Bu, ölkə futbolu üçün böyük siqnaldır. Bəli, D Liqası bizi gözləyir. Amma yenə də çox çalışmalıyıq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43