20 İyun 2026
Ölkə futbolu

“Karvan Yevlax” doğma meydana qayıda bilmir: Stadionda ciddi problem var – AÇIQLAMA 

“Karvan Yevlax” klubunun ev oyunlarını keçirmək istədiyi Yevlax şəhər stadionuna baxış keçirilib.

Bu barədə İdmanxeber.az saytına Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. 

Qurum rəsmisi saytımıza verdiyi açıqlamada arenada bir neçə problem aşkarlandığını bildirib:

“Bildiyiniz kimi əməkdaşlarımız Yevlax şəhər stadionunda olub baxış keçiriblər. Bir sıra işlər görülüb, amma tamamlanası işlər də var. Ot örtüyü tam təmir olunmayıb. Bu hazır olmadığına görə FİFA dərəcəsi ala bilmir. Ölkədəki bütün süni örtüklərin dərəcəsi var. Stadionla bağlı da çatışmazlıqlar var. Bu barədə kluba rəsmi məktub göndərilib. Nə vaxt hazır olar? Bunu demək hələ ki mümkün deyil. Biz qeydlərimizi aparıb kluba bildirmişik. Media sektoru, hakimlərin, oyunçuların yeri, meydança və s. ilə bağlı çatışmayan məqamlar var. Bundan sonrakı məsuliyyət klubun üzərində qalır. Nə vaxt hazır olsa, bizə müraciət edirlər ki, “xahiş edirik, bir daha təftiş edin, nəzərdən keçirin”. Buna görə kluba vaxt qoya bilmərik. Ən ciddi problem isə təbii ki, örtüyə görə sertifikatın alınmamasıdır”.

Xatırladaq ki, “Karvan Yevlax” Misli Premyer Liqasının VII turunda “Sabah”la üz-üzə gələcək.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43