“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov “İdman TV”də yayımlanan “Futbol var” proqramının qonağı olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunda keçirilməli olan “Neftçi” – “Qarabağ” oyununun təxirə salınacağı ilə bağlı iddialar barəsində danışıb. Əhmədov bir neçə gün öncə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın səsləndirdiyi fikirlərə də toxunub:
“Dambrauskas dedi ki, ölkədə yalnız “Qarabağ” yoxdur. Digər klublara da hörmətlə yanaşmaq lazımdır. Hamımız bilirik ki, onlar Çempionlar Liqasında çıxış edir. Ancaq peşəkar futbolu da fikirləşmək lazımdır. Niyə “Neftçi”nin, “Sabah”ın haqqı tapdalanmalıdır? Çempionatın birinci turunda “Sabah” – “Qarabağ” matçı təxirə getdi. Daha sonra “bayquşlar” rəqibini məğlub etməyi bacardı. Heç kim deyə bilməz ki, oyun təxirə gedəndə sonra nəticəsi necə olacaq”.
Əhmədov “Neftçi”nin Azərbaycan derbisinin təxirə getməsinə qarşı olmasından danışıb. O, sabiq klubunun mövqeyini dəstəkləyib:
“Neftçi”nin sürətli, baxımlı oyun göstərdiyi bir vaxtda matçın təxirə getməsi komanda üçün mənfi haldır. Rəhbərliyin buna qarşı çıxmağa haqqı var. “Qarabağ” özü də təkcə “Nyukasl” oyununu düşünmür. Çünki bu matçlar Ağdam klubu üçün avrokuboklarda sonuncu oyunlar ola bilər. Bu səbəbdən də onlar Premyer Liqanı da düşünürlər. Çünki “Qarabağ” indiki vaxtda “Neftçi”yə məğlub olsa, çempionluq şansı əldən gedəcək. “Sabah”ın bundan sonra qalan oyunların yarısını uduzacağı inandırıcı deyil. “Neftçi” üçün isə yaxşı fürsət yaranıb. “Ağ-qaralar” illərdir rəqibini məğlub edə bilmir və 4-cü pillə üçün hələ də şansları davam edir”.

