08 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası üçün “Sabah”ı seçən afrikalı ilə müqavilənin DETALLARI 

Cənubi Afrika Respublikası klubu “Kayzer Çifs”in müdafiəçisi Aden Makkarti karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. 22 yaşlı futbolçunun ölkə çempionu olan və UEFA Çempionlar Liqasında çıxış edəcək “Sabah”a transfer olunacağı bildirilir.

İdmanxeber.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, artıq transferin detalları da bəllidir. Paytaxt təmsilçisi Makkarti ilə 3+1 illik sözləşmə imzalayacaq. Transfer yaxın vaxtlarda ictimaiyyətə rəsmən açıqlanacaq.

Gənc müdafiəçi ötən mövsüm uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkib. Onun başqa klublardan təklifləri olsa da, futbolçu “Sabah”ı seçib. Buna səbəb isə Azərbaycan klubunun Çempionlar Liqasında mübarizə aparacaq olmasıdır.

Makkarti həmçinin ölkəsinin U-23 millisinin üzvüdür.

Qeyd edək ki, oyunçu son mövsümü “Kayzer Çifs”də keçirib. O, 23 matçda meydana çıxıb, 1 qol vurub. Futbolçunun “transfermarkt”dakı bazar dəyəri 600 min avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43