11 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in yeni baş məşqçisini açıqladılar – Mütəxəssislə müqavilə bağlanır

Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” yeni baş məşqçisini müəyyənləşdirib.

İdmanxeber.az Serbiya mətbuatına istinadən xəbər verir ki, hazırda IMT klubunu çalışdıran Zoran Vasilyeviç Gəncə təmsilçisi ilə müqavilə imzalamağa yaxındır. Bildirilir ki, tərəflər son günlər intensiv danışıqlar aparıb və əməkdaşlığın əsas şərtləri üzrə razılıq əldə olunub.

Bosniya və Herseqovinadan olan mütəxəssis uzun illər Serbiya futbolunda çalışıb. O, əsasən IMT klubunda üç fərqli dönəmdə baş məşqçi kimi fəaliyyət göstərib. Bundan başqa, “Radnik”, “Sloven” (Ruma), “Kabel” və qısa müddət ərzində “Voyvodina”nın da baş məşqçisi olub.

Mənbənin iddiasına görə, Vasilyeviç karyerasında yeni çağırış axtardığı üçün xaricdə işləməyə müsbət yanaşıb və bu səbəbdən “Kəpəz”in təklifini qəbul etməyə yaxındır.

Qeyd edək ki, Gəncə təmsilçisi ötən mövsüm Azərbaycan Premyer Liqasını 10-cu pillədə başa vurub. IMT rəhbərliyi isə artıq yeni baş məşqçi axtarışına başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43