“Şamaxı”dan ayrılan futbolçu Rodriqo Fernandeşin “Sabah”a keçdiyini xəbər vermişdik.
Bu transfer barədə İdmanxeber.az saytı maraqlı detallar əldə edib. Belə ki, paytaxt təmsilçisi 25 yaşlı yarımmüdafiəçini çoxdan izləyirmiş. “Bayquşlar” qışda bu futbolçunu heyətinə qatmaq istəyib.
Ancaq əcnəbi oyunçu limiti dolduğu üçün rəhbərlik transferdən vaz keçib. “Sabah” portuqaliyalıya görə əlavə rüsum ödəmək istəmədiyindən onu “Şamaxı”ya məsləhət görüb.
Bölgə təmsilçisi də Fernandeşin çıxışını izləyib və mart ayında onu heyətinə qatıb. Daha sonra isə futbolçuyla başa çatan müqavilə yenilənməyib.
Bunun ardından “Sabah” uzun müddətdir izlədiyi 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalayıb.
“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.

