22 İyun 2026
Ölkə futbolu

Türkiyə klubu Yankoviç üçün hərəkətə keçdi – Danışıqlar davam edir

Türkiyənin yeni Super Liqa təmsilçisi “Çorum” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, klubun maraq dairəsinə “Qarabağ”ın yarımmüdafiəçisi Marko Jankovic düşüb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Çorum təmsilçisi 30 yaşlı monteneqrolu futbolçunu heyətinə qatmaq üçün artıq danışıqlara başlayıb.

Klub rəhbərliyi Super Liqada möhkəmlənmək məqsədilə təcrübəli  oyunçunu əsas transfer hədəflərindən biri hesab edir.

2022-ci ilin iyul ayından “Qarabağ”ın formasını geyinən Yankoviç ötən mövsüm həm daxili yarışlarda, həm də avrokuboklarda diqqətçəkən performans sərgiləyib.

O, UEFA Çempionlar Liqasında keçirdiyi 9 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli futbolçu 2025/26 mövsümündə ümumilikdə 44 matçda meydana çıxaraq 5 qol və 2 assist müəllifi olub. Hazırda bazar dəyəri 800 min avro qiymətləndirilən Yankoviç indiyədək Monteneqro millisində 61 oyun keçirib.

Məlumata görə, tərəflər arasında danışıqlar davam edir və transferin taleyinə yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43