Futbol üzrə Azərbaycan çempionatlarında mübarizə aparan komandaların bəziləri sponsor problemlərini həll etsə də, maliyyə cəhətdən çətin durumda olan klublar da var. Premyer Liqa təmsilçilərimizdən “Kəpəz”i buna örnək göstərmək olar.
Gəncə təmsilçisi dövlətin AFFA vasitəsi ilə ayırdığı məbləğlə ayaqda qalmağa çalışır desək, yalan olmaz. Klub rəhbərliyi Futbolun İnkişaf Fondu ilə bərabər bu istiqamətdə işlərinə davam etdirsə də, hələlik ciddi bir uğur əldə edilməyib. 10 komandanın mübarizə apardığı Premyer Liqada “Kəpəz” sponsorsuz yeganə klub kimi qalmaqdadır.
Gəncə klubu ilə yanaşı, eyni aqibəti yaşayan daha bir komanda Azərbaycan II Liqasında çıxış edən “Ağdaş”dır. Yeni yaradılan çempionatda mübarizə aparmağa vəsiqə qazanan “sarı-qaralar” turnirdəki 14 komanda içərisində sponsorsuz tək klubdur. Aran təmsilçisi hələlik dövlətin ayırdığı (50 min manat) vəsaitin ümidinə qalıb.
Klub rəhbərliyi bir neçə aydır bu istiqamətdə çalışmalarını davam etdirsə də, istənilən nəticə əldə olunmayıb. II Liqada bilet satışı ilə müəyyən problemlərin öhdəsindən gəlməyi çalışan rəhbərlik ən qısa vaxtda “Ağdaş”a dəstək olunacağına ümid edir.

