İdman

“Azərbaycanla oyunda bizi yalnız qələbə qane edəcək”

“Rəqibin üstün səviyyəsi açıq-aşkar hiss olundu. Toni Kroos oyunu istədiyi kimi yönləndirirdi. Ondan nümunə götürmək lazımdı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Norveç yığmasının kapitanı Stefan Yohansen deyib.

 

DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan norveçlilər C qrupunda ilk oyunlarında Almaniyanı qəbul ediblər. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Yohansen qrupun favoritinin Almaniya olduğunu etiraf etsə də, iddialı danışıb: “Almanlar topla çox yaxşı davranırdılar. Təbii ki, qrupun aşkar favoriti onlardı. Görünən odu ki, Çexiya və Şimali İrlandiya yığmaları ilə ikinci yer uğrunda mübarizə apara bilərik. İddiamız dəyişməyib. Dünya çempionatının final mərhələsinə vəsiqə qazana biləcəyimizi düşünürəm”.

 

Norveç qrupdakı növbəti görüşünü gələn ay Azərbaycan millisinə qarşı keçirəcək. Bununla bağlı da danışan 25 yaşlı yarımmüdafiəçi 3 xalı hədəflədiklərini gizlətməyib: “Qrupumuzda iki komanda var ki, hələ qrup mərhələsi başlamamışdan öncə onlarla oyunlarda bizi yalnız qələbənin qane edəcəyini demişdik. Növbəti görüş Azərbaycana qarşı olacaq və həmin oyunda qalib gəlməliyik. Qələbələr seriyasına başlamaq lazımdı”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç qarşılaşması oktyabrın 8-də keçiriləcək. (apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43