Ölkə futbolu

“Bombardirdən daha çox universal oyunçuyam” – “Sabah”ın futbolçusu

“Sabah”ın futbolçusu Coy Lens Mikelsin idmanxeber.az saytına müsahibəsi.

-Son turda komanda böyükhesablı qələbə qazandı. Necə keçdi oyun?

-“Qəbələ”yə qarşı oyunlar həmişə çətin keçir. Bu dəfə də istisna olmadı. Lakin sonda qalib gəlməyi bacardıq. Şadam ki, çətin səfər oyunundan 3 xalla qayıtdıq.

-Lider “Qarabağ”la 7 xal fərq var. Bunu bağlamaq mümkündür?

-Biz yalnız növbəti rəqibimiz barədə düşünürük. Hər oyunumuzda qələbə üçün 100 faiz köklənməliyik. Sonda bunu bacara bilib-bilməyəcəyimizi görəcəyik.

-“Səbail”lə oyundan sonra növbəti rəqib “Qarabağ”dır. Bu görüşü sizin üçün erkən final adlandırmaq olar?

-“Qarabağ”la matça kimi bizi daha bir oyun gözləyir. İlk növbədə bu qarşılaşmaya köklənməliyik. “Səbail” çətin rəqibdir və bizi bu komanda ilə ağır oyun gözləyir. Unutmayaq ki, bu komanda bizi kubokdan kənarlaşdırmışdı. Bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

-“Sabah” mövsümü ikinci pillədə bitirsə, bunu komanda üçün uğurlu nəticə hesab etmək olar?

-Əlbəttə, niyə də olmasın? Amma mövsüm hələ bitməyib, buna görə, bu barədə danışmaq hələ ki tezdir. Biz mövsümün sonuna kimi maksimumuzu ortaya qoymaq istəyirik.

-Bombardirlik yarışında Ramil Şeydayevdən 4 qol geridə qalırsan. Çata biləcən ona? Belə bir hədəfin var?

-Buna ümid edirəm. Ancaq mən bombardirdən daha çox universal oyunçuyam. Qol vurmaqla yanaşı, assist etməyi də xoşlayıram. Əsas odur ki, öz oyunumla komandamın uğurlu nəticə qazanmasına töhfə verim.

-Transfer dönəmində başqa klublardan təklif aldın?

– Mən “Sabah”ın futbolçusuyam, burada özümü xoşbəxt hiss edirəm. İndi yalnız komandamın oyunlarına köklənmişəm.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43