Kateqoriyasız

“Bu gün bunu bacardıq və bəhrəsini gördük” – Joze Alesio

“Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.

İdmanxeber.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva səfərdə Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis komandasını qələbə münasibətilə təbrik edib: “Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də futzalçıları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşünürdü. Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq”.

O, hesabı erkən açmağa çalışdıqlarını bildirib: “Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər”.

Alesionun sözlərinə görə, indi asan rəqib, rahat udulacaq komanda yoxdur: “Gərək, məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43