17 İyul 2026
Ölkə futbolu

“Bunu eşidəndə dilim-damağım qurudu” – “Sabah”ın futbolçusu

“Bu qərarı heç gözləməzdim. Geridə qalan mövsümdə “Şamaxı”da 33 oyun keçirdim. Bu görüşlərdə 5 qol vurub, 2 assit etmişəm. Əlimdən gələni etməyə çalışmışam ki, komanda daha yaxşı olsun. Təəssüf ki, uğur qazana bilmədik. Ancaq “Sabah”ın məni ikinci komandaya göndərməsini özümə qarşı haqsızlıq hesab edirəm”.

Bu sözləri idmanxeber.az saytına “Sabah”ın futbolçusu Kamran Quliyev deyib. O, belə bir qərarı gözləmədiyini və hamının buna təəccübləndiyini bildirib:

“Bu söhbəti kimlə edirəm eyni reaksiyanı verir. Heç kim belə bir qərar gözləməzdi. Yay tətilində belə məşqlərə davam etmişəm ki, “Sabah”la toplanışda yaxşı formada olum. Ancaq öyrənirəm ki, bəzi futbolçular təlim-məşq üçün Avstriyaya getməyə viza alırlar. Adımın siyahıda olmadığını başa düşdüm. Dərhal menecerimlə əlaqə saxladım ki, klubdan daha dəqiqini öyrənsin. Ona da bildiriblər ki, Kamran bizim gələcək planlarımıza daxil deyil. Bir-iki gün sonra isə klubdan artıq özümə bu barədə məlumat verdilər. İkinci komandaya göndərildiyimi bildirdilər. Bunu eşidəndə dilim-damağım qurudu”.

Quliyev klubla və ya məşqçilər heyəti ilə arasında heç bir porblemin olmadığını da sözlərinə əlavə edib:

“Yəni “Sabah”a qarşı pis bir şey də etməmişəm ki, nəsə başqa bir səbəb olsun. Nə bir artıq-əskik danışmaq və ya hər hansı bir hörmətsizlik olmayıb. Rəhbərliyə, məşqçilər heyətinə qarşı heç bir pis fikir deməmişəm. Hər zaman “Sabah”ı dəstəkləmişəm. Hər vacib qələbədən sona təbrik etmişəm.

“Şamaxı”da oynadığım müddətdə iki dəfə turun oyunçusu seçildim, pis bir mövsüm keçirdiyimi düşünmürəm. Bəlkə də meydandakı mövqeyim baxımından məni komandada istəmirlər. Ancaq ən azından tolanışa dəvət etməliydilər. Bundan sonrakı qərarlarını hardasa başa düşmək olardı. Amma belə ən başdan silmək adama pis təsir edir. Bundan sonra təkliflərə açığam, bəzi klubların da mənlə maraqlandıqlarını eşitmişəm. Ancaq yenə deyim ki, “Sabah”ın bu davranışını haqq etmirdim”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43