Ölkə futbolu

“Canni De Byazi qalsaydı, daha yaxşı nəticələr göstərə bilərdik” – millimizin futbolçusu

“Qəbələ”nin və milli komandanın yarımmüdaifəçisi Emil Səfərov çıxışı ilə bir müddətdir diqqətləri üzərinə çəkməyi bacarıb. Gənc futbolçunun performansındakı yüksəliş digər klubların da diqqətindən kənar qalmır. Artıq “Qarabağ”ın da “radar”ında olan Səfərovun yaxın vaxtlarda “qırmızı-qaralar”dan ayrılması gözlənilməz olmayacaq.

Millimizin futbolçusu ilə “Qəbələ”nin Premyer Liqadakı mövqeyi, gələcək karyerası və digər məsələlərlə bağlı söhbət etdik. 22 yaşlı futbolçu İdmanxeber.az saytına verdiyi müsahibədə bir neçə maraqlı məqama toxundu.

– “Qəbələ”nin sonuncu sırada olmasının səbəbi nədir?

Açığı, nə deyim bilmirəm. Enişimiz hardasa gözlənilən idi, amma belə gözləməzdik. Yayda çoxlu oyunçu transfer etdik. Hələ transferlər komandaya uyğunlaşa bilməmişdi. Yenə də heç kim 10-cu pillədə gedəcəyimizi gözləmirdi. Nə rəhbərlik, nə məşqçilər heyəti, nə də biz. Toparlanacağımıza inanırıq. Hər şey qaydasındadır. Sonuncu sırada qalmayacağıq. Təlim-məşq toplanışına da yaxşı başlamışıq. Açığı, yaydakı toplanışla indiki arasında çox fərq var. Etiraf edim ki, mən indiki məşqin tempinə dözə bilmirəm. Bunların faydasını mütləq görəcəyik.

– Antalyaya gedə bilməməyiniz sizə necə təsir edəcək?

Türkiyəyə getməkdə məqsəd oradakı komanda sayının çox olmasıdır. Daha çox yoxlama matçı keçirmək üçün. Burada da şərait var. Stadion, meydança hamısı çox əla səviyyədədir. Oyun keçirməyə komandalar da var. Getməməyimiz elə də problem deyil.

 – Ümumiyyətlə, hazırkı heyət səviyyəsi ilə Premyer Liqada hansı pillədə qərarlaşmaq mümkündür?

Məncə, 5-6-cı pillələrdə ola bilərik. Sadəcə, dediyim kimi bir-birimizə uyğunlaşa bilmədik. Sanki tam həvəslə oynamadıq. Bu vacib amildir. İlk öncə bu vəziyyəti dəyişməliyik.

– “Kəpəz”lə Premyer Liqada qalmaq üçün mübarizə aparırırsınız. Halbuki onlarla sizin aranızda maddi və şərait baxımından çox fərq var. Çoxları buna görə də sizi tənqid edir…

Biz də bunu özümüzə sığışdırmırıq. Belə baxanda, tək “Kəpəz”dən yox, bir çox klubdan şəraitimiz yaxşıdır. Stadion, meydança baxımından. Başa düşmürük ki, niyə biz sonuncuyuq? Mən şəxsən özümə sığışdırmıram. Ümumiyyətlə, uduzmağı qətiyyən sevmirəm. Bəzən elə olur ki, həftə içi məşqlərdə 4-5 dəfə kimlərləsə dalaşıram. Səhvləri deyirəm. Çünki məşqdə edilən səhvlərin cəzasını oyunlarda çəkirik. Mənə çox ağır gəlir bu mövqe. Bu barədə legioner futbolçularla da danışırıq. Onlara vəziyyəti izah edirik. Məşqçilər heyəti də daim bu barədə danışır, münasibətlər çox yaxşıdır. Açığı, onlarlıq bir şey yoxdur. Çünki meydanda tapşırıqları icra etməli olan bizik. 

– Heyətin gənc üzvlərindən birisən. Komandada kiməsə səhv tutanda necə qarşılanır?

Mən də xəta edəndə kimsə gəlib deyə bilər. Ancaq hamımız bir-birimizin səhvlərini bildirməliyik. Bu məsələdə mən həmişə sözümü deyirəm (gülür). Ola bilər ki, bəzən kənardan çox aqressiv görünür. Amma məncə normaldı, futbolda belə hallar olur.

 “Qəbələ”nin güclənməyə ehtiyacı var, yoxsa hazırkı heyət durumu düzəltməyə bəs edir?

Məncə, güclənməliyik. Xüsusilə də hücum xəttində yeni futbolçulara ehtiyac var. İrəli gedirik, epizoda giririk ancaq dəyərləndirə bilmirik. Qapıya çatanda elə bil ayaq kilitlənir. Bir-iki metrdən qapıya düşə bilməməyin səbəbi nə ola bilər? Bu durumda olmağımıza səbəb həm şanssızlıq, həm də bacarıqsızlıqdır. “Səbail” oyununda 90 dəqiqə yaxşı oynadıq, amma son dəqiqədə qol buraxıb məğlub olduq. Həmçinin evdəki “Qarabağ” matçını deyə bilərəm. Çox yaxşı çıxış etmişdik həmin görüşd. Heyif ki, o matçda da xal qazana bilmədik. 

– Özün barədə danışsaq, üç mövqedə oynaya bilirsən. Sağ cinahda, yarımmüdafiə xəttində və “8 nömrə” kimi. Bu mövqelərin hansı sənin üçün daha rahatdır?

– Açığı, “8 nömrə” kimi çıxış etmək mənə daha rahatdır. Mövsüm başlayandan həmin mövqedə oynayıram. 3-5 oyun ard-arda “10 nömrə” kimi oynasam, ora da vərdiş edəcəm. Yaxşı olacaq. Amma sağ cinahda çıxış etmək mənim üçün çətindir. Açığı, istəmirəm həmin mövqedə oynamaq. Çünki uzun müddətdir mərkəzdə mübarizə aparıram. 

– Son zamanlar mətbuatda sənin xarakterinlə bağlı mənfi və müsbət fikirlər deyilir. Kimisi sənin “ulduz xəstəliyi”nə tutulduğunu, kimisi isə böyük futbolçu olacağını iddia edir. Necə qarşılayırsan bunları?

– Normal qarşılayıram. Haqqımda yazanların çoxu məni tanımayan insanlardı. Ona görə də fərqli-fərqli fikirlər ola bilər. Ola bilsin kənardan kimləsə aqressiv danışdığımı görüblər və o cür düşünüblər. Və ya əksi də ola bilər. Ancaq mənim xarakterim budur. Kimsə üçün yaxşı, kimsə üçün pis olmaq kimi bir fikrim yoxdur. Olduğum kimi görünürəm. Yenə deyirəm, bəlkə də aqressivlikdə aşırı davrandığımı görüblər. Ancaq bu, yaxşı niyyətli – həvəsli, istəkli olmaqdan irəli gəlir. Ola bilsin meydanda o cür davranışlarım yanlış fikirlər formalaşdırıb. 

– Bu səviyyəyə gəlməyində Qəbələ akademiyasının böyük payı var. Səncə, bunun davamı gələcək? Akademiyada yeni uşaqlar yetişir?

– Təbii ki, olacaq. Hətta daha güclü uşaqlar var. Təki hamımız üzərimizdə işləyək. İlk növbədə hər şey buradan başlayır. Xarakter çox önəmlidir. Qarşıya məqsəd qoyub bunun üçün çalışmalıyıq. Bu akademiyada Avropanın böyük klublarında çıxış edə biləcək istedadlı futbolçular olub. Ancaq hamısı sırf xarakter məsələsinə görə məhv olublar. Söhbət yalnız meydanda döyüşməkdən getmir. Gərək yoldan azmayasan, ancaq işin barədə düşünəsən. 

– Qısa müddətdə “Qəbələ”nin əsas oyunçusuna çevrildin, milliyə dəvət aldın. Artıq adın “Qarabağ” başda olmaqla bir neçə klubla bərabər çəkilir. Hətta Qurban Qurbanovun açıqlaması da var ki, səninlə maraqlanırlar. Bunlar sənə əlavə təzyiq yaradır, yoxsa motivassiya verir?

Belə xəbərlər mənim üçün xoşdur. Deməli, inkişaf, irəliləyiş var. Daha istəkli olmaq istəyirəm ki, başqa da böyük klublardan təklif gəlsin. Niyə də olmasın? Hamının hədəfləri, xəyalları var. Hər bir futbolçu böyük klublarda forma geyinmək istəyər. Qurban müəllimin mənimlə maraqlanması xoş haldır. Ancaq ortada heç bir rəsmi təklif yoxdur. “Qəbələ”nin futbolçusuyam, bu klub üçün əlimdən gələni edirəm. 

– Belə deyək, yayda “Qəbələ”dən ayrılma ehtimalın nə qədərdir?

Açıq desək, klub da məni satmaq istəyə bilər, özüm də ayrılmaq istəyə bilərəm. Ancaq yaxşı təklif olsa, getməyi düşünərəm. Daha yaxşı klubda oynamaq hədəfim var. Klubuma da pul qazandırmaq istəyirəm. Təbii ki, bütün bunlar xəyallardı. Hazırda yalnız “Qəbələ”nin uğurları barədə düşünürəm.

– “Qarabağ”da rəqabət güclüdür. Əgər transferin baş tutsa, orada əsas heyət üzvünə çevrilə biləcəksən?

Mən özümə inanıram. Əgər nə vaxtsa “Qarabağ”a getsəm, özümə yer edə bilərəm. Çünki o kluba çox oyunçular gəlib-gedib. Hamısı özlərinə yer edibsə, mən də bacararam. Heç kimdən zəif deyiləm. Açığı, təkliflər yalnız “Qarabağ”dan deyil. Başqa da 3-4 klublardan olub. Adlarını çəkmək istəmirəm. 

– Mövsümün ilk yarısında sənə ən təsir edən matç hansı olub?

OMONİYA görüşünü deyə bilərəm. Qəbələdə onlara qarşı çox yaxşı oynamışdıq. Heyət təzə olsa da, bir çox oyunçular getsə də, əla performans göstərmişdik. Ancaq səfərdəki qarşılaşmaya çox yorğun çıxdıq. Orada meydana çıxanda belə bunu hiss etdik. 35-40-cı dəqiqələrində artıq ayaqlarım tutulmuşdu sanki. Yol yorğunçuluğu çox təsir etmişdi bizə. Elə bu səfərin ardından “Sabah”a fərqli məğlub olduq. 

 – Milli komandanın üzvüsən, hazırda yığmaya baş məşqçi axtarışları davam edir. Namizədlərdən biri də Milan Obradoviçdir. Onun rəhbərliyi ilə U-21 millidə oynamısan. Səncə, əsas milliyə gəlsə, uğur qazana bilər?

Açığı, bu barədə nəsə demək çətindir. Qərar verən biz deyilik. Məşqləri çox xoşuma gəlirdi. Belə münasibətlərimiz həmişə yaxşı olub. Təyin olunsa, nə edəcəyini zaman göstərər. 

Səni milliyə dəvət edən Canni De Byazi ilə yollar ayrıldı. Onun mənfi və müsbət tərəfləri nə idi. Yaddaşlarda necə qaldı?

Özü adımdan deyim ki, insan kimi çox yaxşı biri idi. Bəlkə başqaları mənimlə eyni düşünmür. Hörmətlə yanaşıram. Mənə hər zaman xüsusi diqqət göstərib. Zədələnəndə belə daima soruşurdu, maraqlanırdı. Heç vaxt diqqətdən kənar qoymayıb. Düzdür, artıq əlaqəmiz yoxdur. Məni yığmaya dəvət etdiyi üçün hər zaman ona minnətdar olacam. Yaddaşlarda necə qaldığına gəlincə, bütün məşqçilərə vaxt vermək lazımdır. Heç bir baş məşqçi gələn kimi nəticə göstərə bilməz. Onun qarşısına 5-6 illik bir proqram qoymaq lazımdır ki, nəyəsə nail olsun. Məncə, qalsaydı daha yaxşı nəticlərimiz olardı. Bakıdakı Avstriya və Belçika oyunlarında çox yaxşı çıxış etdik. Hətta mənim ötürməmi Toral Bayramov qola çevirə bilsəydi, Avstriyaya məğlub olmayacaqdıq. Məşqçiyə öz sistemini uyğunlaşdırması üçün vaxt lazımdır. De Byazinin məşqləri, yanaşması çox yaxşı idi. Hər şeyi özü başa salırdı, daima nəzarət edirdi. Məni milliyə dəvət etdiyi üçün demirəm, ancaq qalsaydı, nəticə verə bilərdi.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43