Kateqoriyasız

“Cavab görüşündən əvvəl kiçik üstünlük qazandıq” – “Lex”in futbolçusu

Polşa “Lex”inin futbolçusu Mixal Skuraş evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi düzgün müdafiə olunduqlarını bildirib: “Bütün komanda təşkilatlanmış şəkildə müdafiə olundu. Rəqibin üstünlüyünə baxmayaraq, 100 faizlik qol şanları yox idi”.

Polşalı oyunçu ikinci hissədə daha yaxşı çıxış etdiklərini söyləyib: “Fasilədən sonra matça yeni nəfəs gətirən dəyişikliklər bizə yardımçı oldu. 50-ci dəqiqədən tempi artırdıq, rəqibə hücum qurarkən sərbəstlik vermədik. Həmlələrinin qarşısını almağa çalışdıq və onlar da səhv etdilər. Qol epizodunda Mikael İshak hücumçunun dayanmalı olduğu yerdə idi. Bunun sayəsində qalib gəldik. Cavab görüşündən əvvəl kiçik üstünlük qazandıq”.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43