Ölkə futbolu

“De Byazi ilə müqavilə uzadılsa, təəccüblənmərəm” – Zaur Həşimov

“Milli hər iki görüşdə yaxşı təsir bağışladı. Futbolçular həm istəkli, həm də oyun baxımından pis çıxış etmədilər”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində yığmamızın Slovakiya və Qazaxıstan oyunları barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis daha sonra belə davam edib:

“Bu oyunçuları optimal heyət hesab etmək olar. Bura Qara Qarayevlə “Turan Tovuz”da forma geyinən Şəhriyar Əliyevi də əlavə etmək yaxşı olardı. Son iki oyun göstərdi ki, Canni De Byazi bu günə qədər optimal heyət formalaşdıra bilməmişdi. İtaliyalı komandanı ya fərqli sistemdə meydana çıxarırdı, ya da futbolçuları özlərinə uyğun olmayan mövqelərdə oynadırdı. Məncə, milli qrupda birinci də ola bilərdi”.

Həşimov təcrübəli çalışdırıcının millidən göndərilməsi lazım olduğu yönündə çıxan iddialara isə belə münasibət bildirib: 

“Hər zaman yerli məşqçinin yığmaya daha çox faydalı olacağını demişəm. Hazırda da millidə çalışmağa layiq yaxşı mütəxəssislərimiz var. Ancaq De Byazi ilə müqavilə uzadılsa, təəccüblənmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43