Kateqoriyasız

Ermənistandan növbəti təxribat – xüsusi xəbər

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. 

Bu haqda Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb. “Bildiririk ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – deyə Müdafiə Nazirliyi bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43