Kateqoriyasız

Fərid Qayıbov Türkiyəyə niyə getdi?

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 25-26-da Türkiyənin Antalya şəhərində Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, tədbirin ilk günü Fərid Qayıbov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısında iştirak edib.

Oktyabrın 26-da bir çox Avropa ölkələri idman nazirlərinin, rəsmilərin iştirakı ilə konfransın rəsmi açılışı keçirilib. Nazir Fərid Qayıbov konfransda çıxış edərək “Gender bərabərliyi qadınların bərabər iştirakı və iştirakçılığın təmin edilməsi”, “İdman inlüzivlik vasitəsi kimi: onun aztəminatlı qruplar üçün rolu”, “Uşaqlar üçün idman: təlim, profilaktika və inkişafı” mövzuları üzrə təkliflərlə çıxış edib.

Tədbirdə naziri Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS İdarə Heyətinin üzvü Namiq Novruzov müşaiyət edir. Tədbir çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43