“Oyun düşündüyümüz kimi ağır keçdi. “Səbail” turnir cədvəlindəki yerinə görə çıxış etmir. Çox güclü komandadırlar, yaxşı oyunçuları var. Həm də kubokun ab-havası başqa olur. İki qol buraxsaq da, matçdan qələbə ilə ayrıla bildik”.
Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ik oyununda “Səbail”ə qarşı görüşdən (3:2) sonra deyib. Təcrübəli oyunçu daha sonra belə davam edib:
“Qarşılaşmaya istədiyimiz kimi başlaya bilmədik. Meydana arxayın çıxmamışdıq. Rəqib əsas heyətlə oynamasa da, digər futbolçuların özlərini göstərmək istəyəcəklərini bildirdik. Bunun bizə çətinlik yaradacağı bəlli idi. Adi səhvlərdən iki qol buraxdıq. Birinci hissədə komandada aktivlik az idi, bu səbəbdən istədiyimiz kimi çıxış edə bilmədik. Sonra isə özümüzə gələ bildik.
Həm çempionatda, həm də kubokda irəli getmək niyyətindəyik. Açığı, bu oyun sanki bizi bir az ayıltdı. Cavab görüşündə də yaxşı nəticə qazanmalıyıq. Finalda isə özümüzə uyğun rəqib olsa, daha yaxşıdır. Ancaq həlledici matçlar fərqli olur, başqa ab-hava ilə oynanılır. Ona görə də finalda rəqibin kim olacağı önəmli deyil”.
Həsən Quluzadə

