İdman

“Finalda səhvlərə yol verdim”

“Çıxışım məni tam qane etmədi”.

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanmasına münasibət bildirərkən deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan 21 yaşlı idmançı qalib gələ bilmədiyi üçün üzüldüyünü söyləyib: “Bura çempion olmağa gəlmişdim, ikinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq”.

O, qitə birinciliyinin ilk üç görüşündə asan qələbə qazandığını əlavə edib: “Ancaq finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.

Qeyd edək ki, Xasay Həsənli turnirin finalında moldovalı Aleksandrin Qutuya 3:6 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43