10 İyul 2026
Ölkə futbolu

“Hazırda komandada heç bir maliyyə sıxıntısı yoxdur”

“Artıq hazırlıq mərhələsinin son oyununu keçirmişik. Komanda mövsümün ilk matçı üçün məşqlərinə davam edir. Kifayət qədər istedadlı gəncləri komandaya cəlb edə bildik. Çempionatdakı bütün rəqiblər bizim üçün eyni dərəcədə ciddi qəbul olunur. Ümid edirəm ki, rəqabətdə qalib gələ biləcəyik və Premyer Liqaya yenidən qayıdacağıq”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli mövsüm öncəsi komandasının son durumu barədə danışarkən deyib. Gənc çalışdırıcı növbəti mövsüm də heyətdə legioner oyunçuların olmayacağını bildirib:

“Təbii ki, boşluqları legioner hesabına doldurmaq olar. Amma bu tam olaraq üstünlükdür demək düz olmaz. Yerli futbolçularla mübarizə aparmaq rəhbərlik tərəfindən qoyulmuş bir prioritet hədəfdir. Gənc milli komandalarımızın son toplanışına 4 futbolçumuz gedib və ən azı bir o qədər də namizədimiz var. Biz bu gənclərlə Premyer Liqaya qayıdacağımıza inanırıq”.

Vüqar Əsgərli “Şamaxı”nın sponsor və maliyyə vəziyəti ilə bağlı durumundan da söz açıb:

“Hazırda komandada heç bir maliyyə sıxıntısı yoxdur. Ötən ildən bəzi futbolçulara olan borcların bir çoxu ödənib. Məndə olan məlumata görə, az bir hissəsi qalıb. Onların da qısa vaxtda bağlanacağı bildirilir”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43