Ötən mövsüm Azərbaycan II Liqasında çempion olan “Şahdağ Qusar” klubunun direktoru Elçin Cananov tutduğu vəzifədən ayrılıb. Bu barədə bölgə təmsilçisinin sosial şəbəkə hesabından məlumat paylaşılıb.
Cananovun rəhbərliylə fikir ayrılığı səbəbindən komandadan getdiyi bildirilir. Direktorun vəzifəsindən ayrılmasının əsas səbəbi isə klubun sponsoru ilə bağlıdır. Belə ki, kluba himayəlik edən şirkət növbəti mövsüm üçün “Şahdağ Qusar”a yüksək büdcə ayırmaq niyyətində deyil.
Bu səbəbdən də klub daxilində qeyri-müəyyənlik hökm sürür. Mövcud vəziyyəti bir neçə dəfə rəhbərliyin diqqətinə çatdıran Cananov konkret cavab ala bilməyib. O, komandanın hazırlıqlar üçün gecikdiyini və yeni transferlərin edilməsinin vacibliyini vurğulayıb.
Ancaq klubun sponsoru bunlara məhəl qoymayıb və büdcə ilə bağlı qərarını dəyişməyib. İddialı olacağı gözlənən “Şahdağ Qusar”dakı bu bəlirsizlik komandanın direktorunu vəzifəsindən ayrılmağa vadar edib.
İdmanxeber.az

