Müsahibə Ölkə futbolu

İlqar Nadiri: “Onların sübutunu belə ortaya qoya bilməzlər” (MÜSAHİBƏ-BİRİNCİ HİSSƏ)

Cari mövsüm sərgilədiyi oyunla futbolsevərlerin diqqətini çəkən “Kəpəz”in elitada qalıb-qalmayacağı sual altındadı. Nəticələri qismən qənaətbəxş hesab olunsa da, klub ətrafında söz-söhbət səngimək bilmir. Məhz bu səbəbdən də baş verənlərlə bağlı klubun İdarə Heyətinin sədri İlqar Nadiriylə söhbətləşmək imkanımız oldu. Uğurlu iş adamı kimi özünü təsdiq etmiş İlqar bəy bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırdı.

– “Kəpəz”in hazırkı mövqeyi sizi nə dərəcə qane edir? Sanki həm rahat, həm də narahat görünürsüz…

– Açığı, hazırkı mövqeyimiz bizi çox narahat edir. Son sıralarda olmaq yaxşı deyil, Premyer Liqanı tərk etmək ehtimalı var. Digər tərəfdən bir az rahatçılıq da mövcüddur. Görülən işlər var. Akademiyada artıq tamamlama işləri gedir. Ən azından gələn mövsüm komanda şərait baxımından daha yaxşı vəziyyətdə olacaq.

– “Kəpəz”in liqada qalacağına inanırsınız?

– Əlbəttə, həm ümidliyik, həm də inanırıq. Oyunlarımız da bunu deməyə buna imkan verir. Komandamızla, futbolçularla, hamılıqla liqada qalacağımıza inanırıq. Bəzi oyunlarda çox yaxşı çıxış edirik. Bunu mütəxəssislər də görür. Sərgilədəyimiz oyun Premyer Liqada qalmağa imkan verir. İndiki mövqeyimiz gözlənilən olsa da, bir-iki pillə yuxarı ola bilərdi. Tərlan Əhmədov komandaya gələndə hədəfimiz 6-cı pillədə qərarlaşmaq idi.. İkinci “beşlik”də birinci yeri tutmaq istəyirik. Alınıb-alınmayacağını gələcəkdə görəcəyik. Əsas məqsəd Premyer Liqada qalmaqdır.

– Klub daxilində ən çox sizi narahat edən məqamlar hansılardır?

– Bəli, bəzi şeylər var. Bunlar da təbii haldır. Uzun illərdən sonra Premyer Liqaya yüksəlmişik. Bəzi çatışmazlıqlar var. Bununla bağlı əlavə danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Bura gələn oyunçularla müqavilə bağlayanda mövcud durumu izah etmişdim. İstər baş məşqçi, istər futbolçu olsun. Hamısına demişəm ki, ağır durumda olan, azarkeşləri həddindən artıq tələbkar olan bir şəhərə gəlmisiniz. Şəraitlə bağlı problemlər də hamının diqqətinə əvvəlcədən çatdırılıb. Hazırki vəziyyət onlar üçün gözlənilməz deyil. Yenə də hamısının öhdəsindən gəlməyə, komandanı sırf oyunlara kökləməyə çalışırıq. Bununla bağlı lazım olan bütün şəraiti yaradırıq.

– Özünüz də dediniz ki, hər kəs “Kəpəz”ə gələndə burdakı şəraitlə tanış olub sonra imzanı atır. Ancaq bəzən əleyhinizə müxtəlif ittihamlar səslənir. Bunlara münasibətiniz necədir?

– Ümumiyyətlə, Gəncədə futbola aid olmayan söz-söhbətlər çox qabardırılır. Əslində bunların bir çoxunun heç bir əsası yoxdur. Qabardılan məqamların sübutunu belə ortaya qoya bilməzlər. Bəli, çatışmazlıqlar var. Bura gələn oyunçulara, baş məşqçiyə hansı problemlərin olduğu deyilir. Gəncəyə işləməyə gələn baş məşqçilərin də  “Kəpəz”də durumun necə olması barədə kifayət qədər məlumatı olur. Əsassız bəzi məlumatları qabartmağa ehtiyac yoxdur. Əziyyət çəkib komandanı Premyer Liqada saxlmaq lazımdır. Bu, baş məşqidən tutmuş klubun bütün əməkdaşlarına aiddir.

– Gənc iş adamlarının futbola cəlb edilməsi çox müsbət haldır. Ancaq bəzən onların barəsində də müxtəlif iddialar olur. Sizcə, belə şeylərlə onları küsdürmürlər?

– Bəli, küsdürürlər. Bunu hər zaman deyirəm ki, belə şeylər futbolun gözəlliyini itirir. İstəyirik ki, bu cür söz-söhbətlər olmasın. Futbolu müzakirə etmək daha yaxşı olar. Belə şeylər birbaşa komandanın çıxışına da təsir edir.

– Azarkeşlər sizə çox güvənirlər. “Kəpəz” Premyer Liqada qalacağı təqdirdə, tərəfdarlara hansı vədləri verə bilərsiniz?

– Azarkeşlər onsuz da tələbkardırlar. Onlar klubun bütün addımlarını izləyirlər. Hazırda əsas məqsədimiz komandanı çempionatda saxlamaqdır. Bu il bəzi yalnışlarımız, səhvlərimiz olub. Çalışacağıq ki, onları bir daha təkrarlamayaq. Klubda yeni mövsümdən başqa bir ab-hava ilə, yeni sponsorlarla daha yaxşı bir “Kəpəz” formalaşdırmaq istəyirik. Ən birinci onu bacarmaq niyyətindəyik.

– Sponsorun olmaması sizə nə dərəcə təsir edir? Mətbuatda yazılanlara görə, komandanın mövsüm öncəsi toplanışında, forma məsələsinin həllində kifayət qədərə vəsait xərcləmisiniz. Bunların “Kəpəz”ə olan sevginizdən olduğu bəllidir. Sponsor yoxluğu sizi yormurmu?

– Sponsorun, dəstəyin olmaması çempionat başlayandan bu günə qədər hiss olunur. Hər gün, hər ay bu problemlərlə üzləşirik. Kluba dövlət tərəfindən ayrılan vəsait kifayət etmir. Çalışırıq ki, bəzi problemləri mətbuata sızmadan öz daxilimizdə həll edək.

– Futbolun İnkişaf Fondu artıq “Turan Tovuz” üçün sponsor tapıb. Eyni cəhdi sizin üçün də edirlər. Niyə məhz birinci Tovuz klubu? Axı Gəncəni keçib ora gediblər…

– Açığı, bunla bağlı fərq qoymaq istəməzdim. O vaxtı Tovuzda akademiya tikiləndə də mənə belə bir sual ünvanladırlar ki, niyə birinci Gəncə yox, Tovuz seçildi? Ancaq görürük ki, artıq Gəncədə akademiya inşası yekunlaşmaq üzrədir. Bu məsələ öz həllini tapdı. Gec olsa da, ən yaxşı şəkildə oldu. İndi də sponsor məsələsində bu sual aktuallaşıb. Birincisi, “Turan Tovuz” klubun yeni sponsoru futbola çox bağlı insandır. Bildiyim qədəri ilə də Tovuzdandır. Bu amillər təbii ki, təsir edir.

– Bəlkə nəticələrə görədi?

– İnanmıram belə olsun. Klubun bir pillə yuxarı-aşağı olması xüsusi bir əhəmiyyət kəsb etmir. Sponsor olan şəxs gələcəyə baxır, gələcəyin komandasını formalaşdırmaq istəyir. İndiki durumu düşünmür. Mənə görə, FİF klublar arasında heç bir fərq qoymur. Sadəcə, iş prossesi belə alınıb. Mən daim onlarla əlaqədəyəm. Çalışırlar ki, “Kəpəz”in də bu problemini həll etsinlər. Hazırda bütün güclərini bu istiqamətə yönəldiblər. Bir çox layihələri də var. “Zirə” ilə oyundan bir gün öncə Gəncədə oldular, burada tədbir də keçirdik. İş adamlarına çağırış edildi. Mən onlara ancaq işlərində uğurlar arzulayıram. İnanıram ki, onların cəhdi tez bir zamanda müsbət yöndə öz təsirini verəcək.

Ardı var…

Səxavət Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43