“Bu işə başladıqda əsas məqsədimiz genişlənmək, inkişaf etmək idi. Artıq rəsmi şəkildə bizə lisenziya verildi. 3-4 aydır bütün tələblərə cavab verən sənədləri təqdim etmişdik. Bu gün də rəsmi qərar verildi. Yaxın vaxtlarda biz artıq kabel televiziya şirkətləri ilə danışıqlara başlayacağıq. Onların paketlərində “Nefçti TV”nin də olmasına çalışacağıq”.
Bu sözləri idmanxeber.az saytına “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Audiovizual Şurasının “Neftçi TV”yə yayım lisenziyası verməsi ilə bağlı danışarkən deyib. O, klub kanalının qarşıdakı dönəmdə fəaliyyətindən də söz açıb:
“Bundan sonra daha böyük, ciddi auditoriya önünə çıxırıq. Maksimum texniki imkanlarımızı genişləndirməliyik, efir vaxtlarımızı uzatmalıyıq. Həmişə gün ərzində 4 saat yayımda olurduqsa, yeni tələblərə görə 6 saat olmalıyıq. Bu mövsüm nisbətən sınaqdan keçirdiyimiz əvəzedici heyət və aşağı yaş qrupları oyunlarının hamısını canlı yayımlamaq niyyətimiz var. Həmin matçlarda əksər vaxtlarda bir, bəzi görüşlərdə 2-3 kamera olurdu. Ancaq növbəti mövsümdən bütün oyunlarda çalışacağıq ki, ən azı 3 kamera olsun. Texniki imkanlarımız da buna imkan verir.
Təcrübəli yaradıcı heyətimiz var. Reklamlar cəlb etməklə çalışacağıq ki, maddi gücümüzü artıraq və heyəti genişləndirək. Yeni verlişlərlə azarkeşlərin, tamaşaçıların gözləntilərini qarşılamağa çalışacağıq”.
Klub rəsmisi “Neftçi TV”nin gələcəkdə peyk yayımda olub-olmaması ilə bağlı suala belə cavab verdi:
“Peyk yayımına da qoşulmaq mümkündür. Ancaq hazırkı durumda bu, bizə maraqlı deyil. Texniki imkanlar bir yana, illik lisenziya haqqı və digər tələblər var. Üstəlik, bizim əsas kütləmiz internet, sosial media və kabel TV-ləridir. Gələcəkdə o istiqamətdə tələb olarsa, peyk yayımına da keçərik. Dünya tendesiyasına baxanda peyk yayımına başlayan klubların ordan ayrıldığını görürük. Əsasən internet və sosial media üzərindən yayım aparırlar.
Biz çalışırıq ki, klubdan asılı olmayaq. Özümüz-özümüzü maliyyələşdirməyə çalışırıq. Peyk yayım bu dəqiqə maraq dairəmizdə deyil. Çünki orada çox az adam var, bunun üçün də o qədər maliyyə ayırmağa dəymir. Biz bir addım atanda bazar araşdırması, analiz edib ona əsasən qərar veririk. Əsas hədəfimiz kabel televiziyalarında olmaq idi, onlarla da razılaşmağa çalışacağıq. Hazırda əsas məqsəd yayım müddətini artırıb kanalımıza təkcə “Neftçi” sevərləri yox, futbolla maraqlanan hər kəsi cəlb etməkdir”.
Həsən Quluzadə

