10 İyul 2026
Ölkə futbolu

“Kim “Neftçi”ni Rusiyadakı yarışda iştiraka görə qınayırsa, ölkənin maraqlarına xidmət etmir”

Xəbər verdiyimiz kimi, “Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq yoldaşlıq çərçivəsində keçirilən “Matç TV” turnirində iştirak edəcək. Ancaq rəhbərliyin Rusiyadan gələn bu təklifi qəbul etməsi idman ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, Rusiyanın hazırda Ukrayna ərazisini işğal etməsi və UEFA ilə FİFA-nın bu səbəbdən həmin ölkənin klublarını avrokuboklardan uzaqlaşdırdığı bu məqamda təmsilçimizin belə bir turnirdə iştirak etməsinin lüzumsuz olduğu iddia olunur. Əlbəttə, əksini düşünənlər və futbolun siyasətə qarışmamasını istəyənlər də var.

Yetərincə siyasiləşən  bu duruma peşəkar yanaşmasının vacib olduğunu düşünərək siyasi şərhçi Elxan Şükürlü ilə əlaqə saxladıq. O, “Neftçi”nin Rusiyadan gələn təklifi qəbul etməsini belə cavablandırdı:

“Hansısa ölkəni işğalçı olması bəhanəsiylə idman yarışlarından təcrid etməyin özü elə qlobal imperializm və işğalçılıq siyasətinə xidmətdir. Bir ölkənin müharibə əmri verməyən və o müharibədə döyüşçü kimi iştirakçı olmayan dinc əhalisinə sanksiya tətbiq etməyin, onların həyat ritmini və nizamını pozmağın, sadə insanları başqalarının əməllərinə görə cəzalandırmağın və təsirində olan bütün dünya ölkələrini də buna sövq etməyin özü ağır cinayətdir.

Təəssüf ki, bir çox ölkələr bu gün ABŞ-ın əlində qlobal imperializmin alətlərinə və bu ağır cinayətin iştirakçılarına çevriliblər. Hazırda ABŞ-ın rəhbərliyi ilə kollektiv Qərb öz maraqları naminə Ukraynada Rusiya ilə savaş aparır və bütün dünyada Rusiya əleyhinə informasiya-təbliğat cəbhəsi yaradılıb. Bizi də zorla bu informasiya-təbliğat işinə qoşmağa çalışırlar və futbolçularımıza təzyiq də buna hesablanıb. Biz bu savaşın tərəfi, iştirakçısı deyilik, üstəlik də Rusiya ilə qonşuyuq, 3 milyondan çox vətəndaşımız orada işləyir və yaşayır. Biz ABŞ-ın Rusiya siyasətinin və yaxud da əksinə – Rusiyanın anti-Qərb siyasətinin aləti olmamalıyıq.

Öz ölkəmizin, millətimizin maraqları nəyi tələb edirsə, ondan çıxış etməliyik. Kim “Neftçi”nin Rusiyadakı yarışda iştiraka görə qınayırsa, bilin ki, onlar bizim millətin və ölkənin maraqlarına xidmət etmirlər. Mən idmançılarımızın bu yarışlarda iştirakının tərəfdarıyam”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43