29 İyun 2026
Ölkə futbolu

“Klub mənimlə müqavilə uzatmaq istəyirsə…” – “Kəpəz”in legioneri 

“Kəpəz”in müdafiəçi Dioqo Verdaşda İdmanxeber.az saytına müsahibə verib. Portuqlaiyalı futbolçu “Sumqayıt” qələbəsindən danışıb və mövsümü dəyərləndirib.

– Hər iki komanda da Premyer Liqada qalmağı təmin etməsinə rəğmən, “Sumqayıt”la çox gərgin oyun keçdi. Bunun səbəbi nə idi?

Açığı, gərginliyin səbəbini bilmirəm. Biz sadəcə qələbə qazanıb 8-ci pilləyə yüksəlmək istəyirdik. Bunu bacardıq. Bu gündən sonra da bu pilləni qorumaq istəyəcəyik. Bu, “Kəpəz”in ən yaxşı oyunlarından biri idi.

– “Kəpəz” Premyer Liqada qalmağı bacardı. Klubun rəhbərliyində də dəyişiklik olub. Növbəti mövsüm daha böyük hədəflərin olacağı deyilir. Qalacaqsan klubda?

Açıq danışsaq, bura gələndə vəziyyət o qədər də yaxşı deyildi. Amma sonda məqsədimizə çatdıq. Hələ qarşıda iki oyun var, bu oyunlarda da qalib gəlmək istəyirik. Gələcəyimlə bağlı yekun qərarımı verməmişəm. Gərgin keçən mövsümün ardından dincəlmək istəyirəm. 

– Mövsümü çox yaxşı keçirmisən. “Kəpəz”in yeni müqavilə təklifinə nə cavab verərsən?

Hazırda bütün fikrimi “Kəpəz”lə qarşıdakı iki oyuna yönəltmişəm. Karyeram üçün ən yaxşısı nədirsə, o da olsun. İndi komanda axtarmıram. Ailəm və karyeram üçün hara uyğundursa, orada da gedəcəm. Əgər klub mənimlə müqavilə uzatmaq istəyirsə, menecerimlə məsləhətləşəcəm. Qərarımı bundan sonra açıqlaya bilərəm.

– Demək olar ki, bir ildir Azərbaycanda oynayırsan. Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsən?

Çox yaxşıdı. Burada oynamaq o qədər də asan deyil. Premyer Liqa çıxış etdiyim çempionatlar içində ilk “üçlüy”ə girər. Burada çox yaxşı futbolçular var. Kimin neçənci pillədə olmasından asılı olmayaraq, bütün oyunlar çətin keçir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43