11 İyul 2026
Ölkə futbolu

Komanda sayı artdı, ödənişlər də artacaq? – AFFA-dan açıqlama

Azərbaycan II Liqasında komanda sayının artırılmasından xəbərdarsınız. Cari mövsümdən ilk dəfə keçiriləcək turnirdə 14 komanda yer alacaq. Hər kluba dövlət tərəfindən bir mövsüm üçün 50 min manat pul ayrılır. 

Sözügedən çempionatda əvvəlcə 12 komanda olacağı deyilsə də, daha sonra federasiya tərəfindən bu rəqəm 14-ə çıxarıldı. “Dinamo” və “Şahdağ” (Qusar) klublarının da turnirdə iştirak edəcəyi bildirildi.

Bu qərarla bərabər komandalara ayrılan büdcənin artırılıb-artırılmayacağı da müzakirə mövzüsu oldu. Çünki turnirdə iştirakçı sayının artırılması klubların xərclərinin də çoxalması anlamına gəlir.

Məsələni dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Komandalara əvvəlcədən nəzərdə tutulduğu kimi 50 min manat ayırılacaq. Çempionata yeni qoşulan iki kluba də bu vəsait ödənəcək. Məbləğin artırılması ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə, turnirdə öncədən nəzərdə tutulduğu kimi 12 yox, 14 komanda iştirak edəcək”.

AFFA rəsmisi I və II Liqa təmsilçiləri üçün ayrılan vəsaitin klubların hesabına necə köçürüləcəyinə də münasibət bildirib. Onun sözlərinə görə, komandalardan ciddi meyarlar tələb edilməyəcək:

“I Liqada ödənişlər Premyer Liqa ilə müqayisədə nisbətən daha asan şəkildə olacaq. Əsas çempionatda olan klublardan tələb edilən qaydalar burda tətbiq edilməyəcək. II Liqada isə ümumiyyətlə, meyarlar yoxdur. Sadəcə, maliyyənin necə xərclənməsinə ciddi nəzarət olunacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43