Heyəti tamamən dəyişən “Qəbələ” mövsümə doğma meydanda “Omoniya” görüşü ilə yaxşı start versə də, ardını gətirə bilmədi. Komanda avrokuboklarda uğursuz nəticənin ardından Premyer Liqada da özünə gələ bilmir.
Elmar Baxşıyevin işi çətin olsa da, özündən əmin görünür. Təbii ki, bu özgüvən turnir cədvəlindəki vəziyyətdən yox, yığdığı komandanın potensialına inamdan irəli gəlir. Belə baxanda, “qırmızı-qarlar” son illərdə heç vaxt iddialı heyətə sahib olmalıyıb. Düzdü, komanda son iki mövsüm avrokuboklara vəsiqə qazanıb. Ancaq bu, potensialın üzərinə çıxarılmış mübarizə xarakterli oyundan irəli gəlib. Xüsusəndə bölgə klubu doğma meydandakı fərqli mübarizəsi ilə seçilirdi. Belə desək, “Qəbələ” çempionatın “dəmir” komandalarından idi. Elmar Baxşıyevin oyun üslubuna, hücum futboluna üstünlük verməsinə haqsızlıq etmirəm. Amma etiraf edək ki, səviyə üzərinə çıxmış döyüşkənlik amili olmasaydı, “Qəbələ” son illərdə ancaq aşağı pillələrdə var-gəl edən bir kolektivə çevrilərdi.
Elə “Sumqayıt” oyununda da hər kəsi daha çox bu amil təəccübləndirdi. İlk dəqiqələrdən meydanda “yumşaq”, topu rəqibə buraxan, “kimyaçılar”a geniş zonalar verən komanda başlanğıcda da qapısında qol gördü. Ümumiyyətlə, heyətin təzə olması komanda oyunundakı axsamalara səbəb olsa da, mübarizə aparmamağa bəhanə ola bilməz.
Bu cür vəziyyətlərdə lider futbolçular komandanı toparlamağı bacarmalıdır. Ancaq hələlik heyətdə bu xüsusiyətə sahib heç kim görünmür. Kapitanlıq sarğısı daşıyan Urfan Abbasov və digər yerli təcrübəli oyunçular – İlkin Qırtımov, Murad Musayev ötənilki performanslarından çox uzaqdır. Adıçəkilən futbolçular sırf mübarizə, aqressivlik özəlliklərinə görə komandadadır. Hələlik bunun belə öhdəsindən gələ bilmirlər. Elə Qırtımovun görüşün ilk hissəsində əvəzlənməsi bunu göstərir. Onun yerinə meydana daxil olan Rauf Hüseynlinin də ondan fərqlənmədiyini qeyd etsək yanılmarıq.
Meydanın heç bir bölgəsində “Qəbələ”dən önə çıxan oyunçu olmadı. Komandaya yeni qoşulan futbolçuların ayrı-ayrılıqda səviyyələri pis görünmür. Amma kollektiv mübarizə baxımından vəziyyət ürəkaçan deyil. Baxşıyevin əlindəki oyunçular heyətdə yeni olsalar da, futbola təzə başlamayıblar. Formalaşma mərhələsini yalnız yüksək mübarizə apararaq az itki ilə keçirmək olar. Əks təqdirdə sonradan özünəgəlmə belə bəs etməyəcək.
Həsən Quluzadə

