10 İyul 2026
Ölkə futbolu

Maksim Medvedev: “Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq”

“Qarabağ”ın kapitanı Maksim Medvedev Norveçin “Molde” klubuna qarşı keçiriləcək oyunla bağlı mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi qrupdakı mübarizəyə qələbə ilə başlamaq istədiklərini bildirib:

“Əsas işimizi artıq görmüşük, qrupda oynayacağıq. Uğurumuzu irəli daşımaq üçün əlimizdən gələni edəcəyik. Hazırda hər kəs oynamaq istəyir, heyətimiz genişlənib. İnanıram ki, belə güclə, həvəslə bu il daha uğurlu çıxış edəcəyik”.

Futbolçu son vaxtlar az oynadığını etiraf edib: “Amma daim komanda ilə bir yerdəyəm. Özümü zədələrdən qorumağa çalışıram. Uzun müddət oynamasam da, təcrübəm var. Özümü həmişə oyunda iştirak edirmiş kimi görürəm. Qalan hər şeyi məşqdə götürməyə çalışıram”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43