10 İyul 2026
Ölkə futbolu

“Nərimana “Amerikaya gedib futbol həyatını bitirəcəksən?” dedilər” 

“Transfer mövzusunda ətraflı danışmağım düzgün olmaz. Klubla əlaqə saxlamağınız daha yaxşı olar. Onların yönləndirməsi daha doğru olacaq. Amma onu deyim ki, Eren Aydın 22 yaşındadır. “Qalatasaray”ın aşağı yaş qruplarında dəfələrlə bombardir olub. Yəni 4 il əvvəl. Bu müddətdə icarəyə getdiyi klublarda çempionluqlar qazanıb, 18 yaşında U23 (A2 milli komanda) səviyyəsində oynayıb”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin yeni transferi Eren Aydının meneceri Emrah Akçaay deyib. O, daha sonra azərbaycanlı futbolçulara Avropa klublarından maraq olub-olmaması barədə də danışıb:

“Azərbaycanlı futbolçular Avropada bəyənilir, heç vaxt mənfi düşünməyin. Sadəcə baxmaq lazımdır ki, neçə futbolçu ölkə xaricinə çıxıb mübarizə aparmağı və uğurlu karyera qurmağı qəbul edir. Təəssüf ki, komfort zonasını tərk edib xaricə getmək cəlbedici görünmür. Məncə problem də budur”.

Tanınmış menecer “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin Amerika klubu “Kolumbrus Kryu”ya transfer olmasına da münasibət bildirib:

“Bu keçidə əsla təəccüblənmədim. Çünki yayda onunla danışmışdım. İlk MLS, yəni Amerika layihəsini ona mən demişdim. Amma birlikdə işləmək qismət olmadı. Hətta o vaxt yaxın çevrəsi Nərimama “Amerikaya gedib futbol həyatını bitirəcəksən?” dedilər. Getməsinə çox-çox sevindim. Çox düzgün liqadır. Kluba və menecerlərinə halal olsun. Çox gözəl iş görüldü. Məncə, fokuslansa uğurlu olacaq. Əminəm ki, menecerləri ona Avropadan da təklif gətirib. Çox çalışırlar, görürəm. Həm klubu, həm də menecerləri çox gözəl iş bacardı. Hamımız alqışlamalıyıq. 

Belə düşünün ki, nə qədər çox azərbaycanlı qardaşımız Avropaya və ya dünyaya açılsa, arxasınca bir çoxları da gedəcək. Ölkə olaraq gənclərimizə güvənək. Hamısı qızıl kimidir”.

Akçaay azərbaycanlı futbolçuların Türkiyə Super  Liqasında belə çıxış etməməsini bu cür şərh edib: 

“İndi “heç olmasa Super Liqaya getsinlər” demək üçün də çox çalışmaq və buna layiq olmaq lazımdır. Məsələn, Rəşad Sadıqov Türkiyədə uğurlu olmuş böyük futbolçu idi. İnanın ki, o dövrlərdə Türkiyəyə getmək, Avropada oynamaq çətin idi. Amma yüksək səviyyəsi və keyfiyyəti sayəsində getdi və çox dəyərli işlər gördü”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43