İdman

“Obradoviçlə işləmək istəyərəm” – “Sabah”ın oyunçusu

“Son oyunda NTD-yə qarşı qələbə qazandıq. Mayk Edvardsın gəlişindən sonra müdafiəmiz güclənib. Ancaq yenə də oyunda çoxlu səhvlərimiz oldu. Beray Taşerin 2 texniki foul alması bizim düşüşümüz ola bilərdi. Ancaq müdafiədəki yaxşı oyunumuz qələbəyə imkan yaratdı”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə “Sabah”ın oyunçusu Rüstəm Əliyev son turda NTD komandasına qarşı alınan qələbədən (72:82) danışarkən deyib. O, mövsüm sonu komandasının çempion olacağına inandığını bildirib:

“Çempion olacaq gücümüz var. Heyət yetərincə yaxşıdır. Sadəcə oyunlarda ruh yüksəkliyi mütləq vacibdir. Nə qədər güclü olsan da, belə şeylər çox təsir edir. Komanda hazırda tam çempionluğa köklənib.

Qarşıda “Sərhədçi” ilə çətin oyunumuz var. Dediyim kimi, müdafiəmiz çox güclənib. Bu oyunda qalib gəlib layiq olduğumuz yerə yüksələcəyik”.

Əliyev Azərbaycanda basketbola olan maraqdan da söz açıb. O, ölkədə kifayət qədər oyun zalının olmadığını açıqlayıb:

“Baketbolun inkişafı üçün federasiya bütün işləri görür. İlk mövsüm olmasına baxmayaraq, kifayət qədər maraq var. Önümüzdəki illərdə daha da yaxşı olacaq. Hazırda elə də ciddi çətinliyimiz yoxdur. Artıq bu idmana, oyunçuya yanaşma dəyişib. Səviyyə biraz daha artmalıdır. Ölkədə zal qıtlığı var, bu məsələ də həllini tapsa yaxşı olar. Düzdür, “Sabah”ın elə bir problemi yoxdur, bizdə hər şey qaydasındadır”.

“Sabah”ın oyunçusu NBA və Avroliqa görüşlərini izləyə bilmədəyini bildirib:

“Açığı, çox maraqlanmağa vaxtım olmur. Ancaq Obradoviç zamanı “Fənərbağça”nı izləyirdim. Onunla çalışmaq istəyərəm. O, ideal bir məşqçidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43