07 İyul 2026
İdman

“Ölkə kubokunun favoriti biz idik” – “Gəncə”nin kapitanı

“Ölkə kubokunun favoriti biz idik. Rəqiblər də belə fikirləşirdi. Çünki kubok oyunları 3 yerli, iki xarici sistemi ilə keçirilir. Bizim yerli oyunçularımız milli komandanın aparıcı üzvləridir. Elə ilk oyunda “Sabah”a böyük hesabla qalib gəldik. Qrup birinciliyini təmin edikdən sonra gənclərə üstünlük verdik. “Neftçi” ilə oyunda isə həyəcan var idi komandada. Amma yenə də qalib gələ bildik”.

Bu sözləri idmanxeber.az saytına “Gəncə” basketbol komandasının kapitanı Amil Həmzəyev ölkə kubokunun finalında NTD-yə qarşı alınan qalibiyyət(100:89) sonrası deyib. Təcrübəli oyunçu daha sonra belə davam edib:

“Final kifayət qədər maraqlı oldu. NTD də əzmli mübarizə apardı. Hətta bəzi səhvlərimiz ucabtından oyun əlavə vaxtlara getsə də, yenə qazanmağı bacardıq. Kubokun bizə çox faydaları oldu. Məsələn, Əkbər Məmmədov çempionatda az oynayırdı. Ancaq bu görüşlərin hamısında çıxış etdi. Matçları 20 ribaund, 20 xalla tamamladı. Bu, çox möhtəşəm nəticədir. Artıq onu da qazandığımızı düşünürəm. Kuboku qazanmaq liqada da bizə rahatlıq verəcək. Artıq mövsümdə bir kubok qazanmışıq. 

Bu motivasiyamızı çempionat oyunlarına da yansıtmalıyıq. Liqada da eyni uğuru davam etdirmək istəyirik. Mövsüm əvvəlində “Gəncə”çempionatın da favoriti hesab olunurdu. İlk 9 matçdan sonra lider idik. Sanki rəqiblər bizə qarşı xüsusi hazırlaşırdılar. Məncə, kuboku qazandıqdan sonra eyni hal təkrarlanacaq. Rəqiblər də titul üçün daha güclü mübarizə aparmağa çalışacaqlar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43