Ölkə futbolu

“Premyer Liqayla bağlı heç bir hazırlıq görmürük”

AFFA-nın “Araz Naxçıvan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verməsinin ardından növbəti mövsüm çempionda 12 komanda olacağı iddialarını daha da gücləndirib. Hələlik bu məsələ konkret həllini tapmasa da, mövzu daim gündəmdədi.

AFFA-nın baş katibi Sərxan Hacıyev bu il dəfələrlə Premyer Liqada sonuncu yer tutan komandanın çempionatı tərk edəcəyini bildirib. Bu səbəbdən də ehtimallar “Araz Naxçıvan”ın növbəti mövsümdən əsas liqaya daha yaxın olduğunu göstərir. 

Ancaq Zaqatala təmsilçisi də uzun illərdir I Divizionda çıxış edir. Klub rəhbərliyi hər fürsətdə Premyer Liqada oynamaq istədiyini və bunun üçün rayonda hər bir şəraitin olduğunu bildirir. 

Ötən günlərdə AFFA-nın da bölgə təmsilçisinə lisenziya verməsi bu xəyalın reallaşacağı ümidlərini yenidən alovlandırıb. Məsələnin nə yerdə olduğunu və bölgə klubunda Premyer Liqaya hazırlıq gedib-getmədiyini öyrənmək üçün komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq:

“Lisenziya veriləcəyindən xəbərimiz var idi. Çünki bütün sənədlərimiz qaydasında oldu. Hər dəfə müəyyən problemlər çıxsa da, bu səfər hər şey qaydasında idi. Ancaq Premyer Liqaya çıxıb-çıxmayacağımız bəlli deyil. Hələ bu barədə yekun qərar verilməyib. Əsas çempionatla bağlı heç bir hazırlıq görmürük. Əgər konkret nəsə olsaydı, rəhbərlik bizə də bildirərdi. Rəsmi olaraq açıqlansa, o zaman ciddi hazırlıqlara başlayacağıq. Premyer Liqada oynayacağımız təsdiq olunsa, bütün problemləri tez bir zamanda həll etməyə çalışacağıq.

Bu gün infrasturktur olaraq ciddi çatışmazlıqlarımız yoxdur. Bir-iki xırda iş görməklə öhdəsindən gəlmək olar. Bizim baza, stadionla bağlı problemimiz də yoxdur. Heyət baxımından isə bəli, ciddi işlər görməliyik. Əgər Premyer Liqada olacağıqsa, dərhal hərəkətə keçməliyik. Tez bir zamanda komanda formalaşdırmalıyıq. Əslində hər şey qarşıya qoyulan şərtlərdən asılıdır. Çempionatda hansı hədəf üçün mübarizə aparacağıq? Bunlar çox önəmlidir. Sıfırdan komanda yığmaq mümkünsüz deyil, amma çətindir.

Nəzərə alaq ki, artıq digər komandalar hazırlıqlara başlayıblar, biz isə heç nə bilmirik. Deyək ki, “Zaqatala”nı Premyer Liqaya buraxdılar. Yaxşı, baş məşqçi kim olacaq? Mən, yoxsa ayrı mütəxəssislə anlaşılacaq? Bütün bunlar vaxtında həll olunmalı şeylərdir. Ancaq dediyim kimi, infrastruktur baxımından heç bir promlemimiz yoxdur. Qalan komanda baxımından müəyyən çətinliklərimiz ola bilər, bunu da zamanla həll edə bilərik.

Artıq Premyer Liqada oynamalıyıq. Biz 8 ildir I Divizionda çıxış edirik. Bu gün artıq maliyyə məsələsi dövlət tərəfindən həll edilir. Zaqatala futbolunun ayağa qalxması üçün Premyer Liqaya yüksəlməliyik. Bu, futbolçu yetişməsi üçün də vacibdir. Valideyn də bilməlidir ki, onun uşağı inkişaf edib gələcəkdə əsas çempionatda oynayacaq. Ümumiyyətlə, “Zaqatala”nın elitaya yüksəlməsi bu zonada futbolun inkişafına böyük təkan verər”.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43