“Qarabağ” evdə qələbə qazansa da, cavab matçı çox çətin keçəcək. Bakıdakı görüşdə də rəqibin qol vurmaq üçün yaxşı imkanları oldu. Şahruddin komandanı bir neçə dəfə xilas etdi. Səfərdə də oyun asan keçməyəcək. Üstəlik görüş süni meydançada baş tutacaq. İstənilən halda, təmsilçimizin mərhələ keçəcəyinə inanıram. “Qarabağ”ın zəiflədiyini deməzdim. Amma komanda tam formada deyil. Yavaş-yavaş güclü “Qarabağ”ı görəcəyik”.
Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev Ağdam təmsilçisinin UEFA Avropa Liqası III turu cavab oyunu çərçivəsində keçiriləcək HİK oyunu barədə danışarkən deyib. O, ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”ın “Partizan” qarşısındakı şanslarını da dəyərləndirib:
“İlk matçda Serbiya klubunu hər kəs favorit hesab edirdi. Ancaq “Sabah” hamını təəccübləndirdi. “Partizan” güclü, tarixi olan komandadır. Təmsilçimiz isə ilk dəfədir ki, avrokuboklarda çıxış edir. Buna baxmayaraq, yaxşı və güclü bir komandaya çevrilib. İndiki vəziyyətdə ölkədə tam formada olan klub “Sabah”dır. “Partizan”ı hər şeydə üstələdilər. Ancaq bununla iş bitmir. Serbiyada çətin görüş olacaq. 2:0 elə də böyük hesab deyil. “Sabah” səfərdə ehtiyatlı olmalıdır. Ancaq yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Əmirquliyev Konfrans Liqasında digər klubumuz “Neftçi”nin “Beşiktaş” qarşısındakı şanslarından da söz açıb:
“Ağ-qaralar” ən çətin rəqiblə düşdü. Cütlüyün favoriti “Beşiktaş” idi. Bu dəyişikliklərdən sonra “Neftçi”dən çox şey gözlənilirdi. Transferlər oldu, yaxşı futbolçular cəlb edildi komandaya. Hələlik gözlənilən oyunu göstərə bilmirlər. Azarkeşlər gözlədiyi “Neftçi”ni görə bilmir. Nə qədər transferlər olsa da, komanda güclənsə də oyun alınmır. Hələ də problemlər var. Yeni oyunçulardı, uyğunlaşmağa vaxtı lazımdır. “Neftçi” heç çempionat üçün də hazır deyil. Bu səbəbdən də “Beşiktaş”ın rahat qələbə qazanacağını düşünürəm”.

