04 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”ın ÇL oyunu “Dalğa Arena”da?

2019/20 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

 

Idmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi təsnifat mərhələlərində irəliləyəcəyi təqdirdə bütün rəqiblərini bu arenada qəbul etmək niyyətindədi. Amma Qurban Qurbanovun komandası ikinci təsnifat mərhələsinə yüksəlsə, bu halda ev oyununu Bakıdakı başqa bir arenada qəbul etmək məcburiyyətində qalacaq.

 

Həmin mərhələnin ilk görüşləri 22-23, cavab görüşləri 29-30 iyulda olacaq. Bu müddətdə – 20-28 iyul tarixində Bakıda Avropa Gənclər Olimpiya Festivalı təşkil ediləcək və bir neçə yarış Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Turnirlər üst-üstə düşdüyündən, hətta cavab görüşü Bakıda olsa belə, “Qarabağ” təkrar matça texniki olaraq hazırlığı yekunlaşdıra bilməyəcək. Bu səbəbdən komanda ikinci mərhələnin Bakıdakı görüşünü başqa bir stadionda keçirməli olacaq.

 

Məlumata görə, klub ikinci mərhələnin oyunu üçün UEFA-ya Mərdəkandakı “Dalğa Arena”nı sifariş etməyi düşünür. Digər kiçik ehtimal kimi “Azersun Arena” da var. Lakin  arenanın ot örtüyündə müəyyən problemlər olduğundan hazırkı durumda ən real variant kimi “Dalğa Arena” görünür. Hazırda bu yöndə klub işlər aparır.

 

Ağdam klubu avrokuboklarda ikinci mərhələnin ev oyununu əzəli rəqibi “Neftçi”nin meydançası – 8-ci km stadionunda keçirməyi isə düşünmür. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43