Kateqoriyasız

“Qırmızı vərəqə aldığım epizodda ayağımı yığa bilmədim” – millimizin futbolçusu

“Topa getdiyim vaxt artıq rəqib ötürmə etmişdi, mən də ayağımı yığa bilmədim”.

Bunu Azərbaycan millisinin futbolçusu Qismət Alıyev Serbiyada Belarusla UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda qırmızı vərəqə aldığı epizod barədə danışarkən deyib.

26 yaşlı yaşlı yarımmüdafiəçi meydandan kənarlaşdırıldığı üçün məyus olduğunu bildirib: “Bu, oyun epizodu idi. Sadəcə, görüşün sonlarında top rəqib futbolçu ilə mənim qarşıma düşdü. Fikirləşdim ki, topu ala bilməsəm də, ən azından xırda qayda pozuntusu olsun”.

Alıyev yığmadakı debüt matçında bu cür halla üzləşmək istəmədiyini söyləyib: “Heç kim qırmızı vərəqə almaq istəmir. Sadəcə, millidə ilk qarşılaşmam olduğu üçün meydana istəkli çıxmışdım”.

Oyunçu komandanın iki görüşdə bir xal qazanması barədə də danışıb: “Həm Qazaxıstan, həm də Belarusla qarşılaşmalarda çoxlu şanslarımız oldu. Hər iki matçda yaxşı təsir bağışladıq. Əlimizə düşən imkanlardan istifadə etsəydik, hər şey başqa cür olardı”.

Qeyd edək ki, ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olan Azərbaycan millisi Belarusla görüşdən qolsuz heç-heçə ilə ayrılıb. Yığma komanda iyunun 10-da Bakıda Slovakiyanı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43